Şriftin ölçüsü :

Saytın rəngi :

Trakay meri Qazaxdadır

22 iyun 2017 | 16:00

Azərbaycanın Qazax rayonu və Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında 1 ay öncə saziş imzalanmışdır. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov və Trakay rayonunun meri Edita Rudeliene tərəfindən imzalanan sazişdə mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur.
İyunun 21-də Trakay rayon Bələdiyyəsinin meri Edita Rudeliene və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər ediblər.
Bu gün Edita Rudeliene və Rudelis Henrikas Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov arasında görüş keçirilib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov qonaqları salamlayaraq onları Qazaxda görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Bir ay öncə imzalanan sazişin əhəmiyyətindən danışaraq həmin sazişi Azərbaycan ilə Litva arasında dostluq münasibətlərinin nəticəsi kimi dəyərləndirib. İki rayon arasında bağlanan sazişin regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra Rəcəb Babaşov qonaqlara Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verərək rayonun dahi şairlər və yazıçılar məkanı olduğunu söyləyib.
Trakay rayon bələdiyyəsinin meri Edita Rudeliene çıxış edərək bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycana səfər etdiyini, Azərbaycanın çox gözəl olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını bildirib. Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edən mer bu səfərin iki şəhər arasında əlaqələrin inkişaf etməsinə, bu əməkdaşlığın daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.
Sonra cənab Rəcəb Babaşov qonaqları İcra Aparatının fəaliyyəti və iş şəraiti ilə tanış edib.
Görüş başa çatdıqdan sonra qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub əziz xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə məlumat verilib.
Daha sonra rayondakı Şəhidlər Xiyabanı, Ədəbiyyat Muzeyi, Dədə Qorqud parkı, Fəxri qazaxlılar parkı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq olub.
Günün ikinci yarısında isə qonaqlar Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya evinə, Daş Salahlı kəndində Damcılı mağarasına, Alpout kəndində Göyəzən dağı və ətrafında olan mövcud abidələrə baxıblar.
Səfər zamanı qonaqlara Qazaxın tarixi, mədəniyyəti, tarixi abidələri, görməli yerləri barədə ətraflı şəkildə məlumat verilib.
Qazaxda səfərdə olan qonaqlar Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, Qazax Dövlət Rəsm Qalereyasında və Səməd Vurğun Poeziya evində xatirə kitablarına öz ürək sözlərini yazıblar. Eyni zamanda Edita Rudelieneyə müxtəlif xatirə hədiyyələri təqdim olunub.

Keçidlər