Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kənd təsərrüfatının inkişafı üçün mühüm işlər görülür

11 yanvar 2017 | 16:00

  Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük əhəmiyyətə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Bu məqsədlə regionlarda infrastruktur layihələr hazırlanır və islahatlar həyata keçirilir.  Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür. Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayonumuza təyin olunduğu gündən kənd təsərrüfatı üzrə aparılan işləri önə çəkmiş, bu istiqamətdə xüsusi tapşırıqlar vermiş və  aidiyyəti qurumlar qarşısında məsələlər qaldırımışdır. 
  İlk əvvəl onu qeyd edək ki, Qazaxda əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Bunu mövcud rəqəmlərdən də aydın görmək olar. Belə ki, rayonda indiyədək 12190 hektar sahədə şum aparılmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. Dövriyyəyə yeni torpaq sahələrinin daxil olunması nəticəsində əkilən taxıl sahələri də genişləndirilmiş və 10810 hektara çatdırılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi taxıl sahəsi 2990 hektar, o cümlədən buğda 2614 hektar, arpa isə 376 hektar çox olmuşdur. 
  Rayonda ilk dəfə olaraq 500 hektar sahədə çuğundur əkilməsi nəzərdə tutulmuşdur. Bunun üçün nəzərdə tutulmuş sahələrdə əkin işləri aparılmış və lazım olan bütün aqrotexniki tədbirlər həyata keçirilmişdir. 
  Rayonda tütün sahəsi də genişləndirilərək 10 hektardan 50 hektara çatdırılıb. Eyni zamanda kartof əkini sahələri də genişləndirilib və bu il 800 hektar sahədə kartof əkiləcəkdir. 
Barama istehsalı sahəsinə də diqqət artırılıb. Keçən il rayonda 1,5 ton barama istehsal edilib. Bu il isə məhsuldarlığın 4,5 tona çatdırılması nəzərdə tutulub. Bu sahənin inkişaf etdirilməsi üçün möhkəm yem bazasının yaradılması olduqca vacib amillərdən biridir. Bu məqsədlə tut bağlarının yaradılması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, ötən il rayonun ayrı-ayrı kəndlərində 22000 tut tingi əkilmişdir. 
  Kənd təsərrüfatının inkişaf etdirilməsində suvarılmanın olduqca böyük rolu vardır. Bu istiqamətdə rayonda mühüm işlər həyata keçirilir. Rayon üzrə suvarma arxlarının uzunluğu cəmi 270 km-dir. Bunun 56 km hissəsində arxların təmizlənməsi işləri artıq başa çatmışdır.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qazaxda kənd təsərrüfatı sahəsində görülmüş işlər belə deməyə əsas verir ki, cari ildə bu sahədə bütün göstəricilər üzrə böyük nəticələr əldə olunacaqdır. Bunun üçün rayonda hər cür imkan və şərait yaradılmışdır.

Keçidlər