Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika mətbuatı Qazax haqqında - Qazax diqqət və qayğının bəhrəsini görür

24 noyabr 2016 | 16:00

Nüsrət bilmirdi sevincini, minnətdarlığını necə ifadə etsin. Gah həyətdə bizim söhbəti maraqla dinləyən məktəbyaşlı uşaqlarını göstərir, gah bizi yenicə təmirdən çıxmış evinin otaqlarına baxmağa çağırır, gah da rayon icra hakimiyyəti başçısı ilə kənddəki görüşdən danışırdı. O, dedi: – Rəcəb müəllim bizim Ürkməzli kəndinə camaatla görüşə gəlmişdi. Mən də getdim. Söz alıb başıma gələnləri danışdım. Dedim ki, ayağım şikəstdir, ikinci qrup Qarabağ müharibəsi əliliyəm, üç övladım var. Lakin yaşayış şəraitim olduqca pisdir. Məni çox təmkinlə, səbrlə dinlədikdən sonra dedi ki, get evə, məni gözlə, görüş qurtaran kimi gəlib baxacağam. Evə qayıtdım. Nə gizlədim, ümidim az idi. Çünki bu illərdə yazmadığım yer qalmamışdı. Lakin bir kimsə qapımı döyməmişdi… Bir də gördüm gəldilər. Hər yerə baxdı, yanındakı adamlara nəsə tapşırdı. Gördü ki, evimin üstünü adi göy sallofanla örtmüşəm. “Bu gül balaları qoymarıq üşüsünlər”, – deyib uşaqlarımın başını sığalladı. 

...İnanın, dünyanı elə bil mənə bağışlamışdılar. Hətta heç nə etməsəydilər belə, mən o qədər razı qalmışdım ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Axı adi bir diqqət, nəvaziş də sənə dəymiş yaranı sağaldır, – deyə Nüsrət Musayev kövrəldiyini bizdən gizlətməyə çalışır.
Yarımçıq, heç bir şəraiti olmayan bir tikilinin yerində indi gözəl bina ucaldılmışdı. Ailənin sevinci yerə-göyə sığmırdı. Bizdən dönə- dönə xahiş edirdilər ki, onların minnətdarlığını lazımi yerlərə çatdıraq. Ayrılanda Nüsrət dedi ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev nə vaxt əmr etsə, döyüşə getməyə hazıram. Nə olsun ki, ayağımı itirmişəm. Bu dəfə canı- mı itirməyə hazıram. Bu gün mənim ailəm, uşaqlarım belə rahat evdə yaşayırlarsa, buna görə Prezidentimə minnətdaram…
Ürkməzlidə şəhid anası Ayna Nəsirova da göz yaşlarını silib rayon icra hakimiyyəti başçısının onların yaşadıqları evin yenidən qurulmasından danışdı:
–Yağan yağış, qar, su içəri dolurdu. Görüş zamanı mən də şəraitimizdən gileyləndim. Çox keçmədi ki, evimizə özü gəldi. Nəinki dam örtüyü təzələndi, həm də gördüyünüz bu əlavə artırmalar tikildi. Nə deyim, eşitmişdim ki, xeyirxah, vədinə əməl edən başçı- dır. Gördüm yanılmamışam. Sağ olsun Prezidentimiz İlham Əliyev. Münasibəti, diqqəti, qayğısı mənə oğul itkisini az da olsa unutdurur, təskinlik verir.
Qonşu Dəmirçilər kəndində şəhid ailəsi Bahar Qurbanovanın, Qarabağ müharibəsi əlili Habil Əliyevin və başqalarının da evlərinə baş çəkdik. Dam örtükləri yenidən qurulmuş, əlavə otaqlar tikilmiş, digər artırmalar aparılmış, həyətbacası qaydaya salınmış, hasarlar çəkilmiş, hər cür şəraiti olan evlər hələ uzaqdan diqqəti cəlb edir. Kənd icra nümayəndəliyində bildirdilər ki, bu evlər son aylarda rayon icra hakimiyyətinin başçısına müraciətdən sonra bu vəziyyətə gətirilib.
Bu gün Qazaxda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Lakin yazını bilavasitə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, digər imkansız adamlara göstərilən diqqət və qayğıdan bəhs edən faktlarla ona görə başladıq ki, Qazax 168 kilometr bir məsafədə düşmənlə üzbəüz dayanıb. Rayon indiyədək yüzlərlə şəhid verib. Dağlıq Qarabağ, Ermənistan– Azərbaycan münaqişəsi nəticəsində rayonun 12 kəndi işğal olunub. İşğal olunmuş kəndlərdən 5-i ulu öndər Heydər Əliyevin hakimiyyətə qayı- dışından sonra geri qaytarılmışdır. Hazırda 7 kənd işğal, 13 kənd isə erməni hərbi birləşmələrinin atəşi altındadır. Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Abbasbəyli, Daş Salahlı, Kəmərli və digər kəndlər müntəzəm olaraq atəşə tutulur, dinc əhalinin normal yaşayışına mane olur.
Ona görə də icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda fəaliyyətinin elə ilk günlərindən sərhəd kəndlərinə getməsi, sakinlərin problemlərini öyrənməsi və konkret tədbirlər görməsi təsadüfi deyildir.
Az bir zaman kəsiyində Kosalar kəndinə 11 kilometr uzunluğunda asfalt yol çəkilmiş, neçə-neçə kəndin yolları əsaslı təmir olunmuşdur. Düşmənlə üz-üzə dayanan Məzəm kəndində əhalinin təhlükəsiz yaşaması üçün 700 metr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilmişdir. Eyni işlər Quşçu Ayrım və Bala Cəfərli kəndlərində də görülür. Şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilmişdir. Aprel şəhidlərinin adları əbədiləşdirilmiş, şəhərin mərkəzində bulaqlar çəkilmişdir. Yüz illərlə içməli suya həsrət qalmış Qazaxbəyli kəndinin su problemi bir həftə ərzində öz həllini tapmış, Ürkməzli kəndinin bir hissəsinə də yeni su xətti çəkilmişdir. Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər xiyabanları heç də ürəkaçan vəziyyətdə deyildi. Laqeyd münasibətdən, baxımsızlıq ucbatından hər üç ünvanda xoşagəlməz vəziyyət yaranmışdı və təbii ki, bütün bunlar şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat etməyə bilməzdi. Konkret tapşırıqlar, nəzarət, diqqət və qayğı nəticəsində həmin yerlərdə dərhal tikinti-bərpa və abadlıq işlərinə başlanıldı. Şəhidlərimizin adına layiq işlər görüldü.
Maraqlıdır ki, rayon icra hakimiyyətinin rəhbərliyi şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə konkret kömək göstərməklə kifayətlənmir, həm də rayon əhalisi arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə ən müxtəlif forma və metodlardan istifadə edir. Yeri gəlmişkən qeyd edək ki, icra hakimiyyətində yaradılmış xüsusi komissiya tez-tez məktəblərdə olur, nizam-intizama nəzarət edir, məktəblilərin hazırlıqları, o cümlədən hərbi vətənpərvərlik tərbiyəsi ilə maraqlanır. İcra hakimiyyətinin məsul işçilərindən biri söylədi ki, bu yaxınlarda sinif otağına daxil olan rayon rəhbəri dərs vaxtı müəllimin mobil telefonla danışdığını görüb və həmin müəllim çox ciddi cəzalandırılıb. Bu faktı ona görə çəkdik ki, bütün sahələrə ciddi nəzarət var və bu da əmək intizamının yüksəldilməsinə, adamların öz işinə daha məsuliyyətlə yanaşmasına müsbət təsir göstərir.
Maraq üçün biz də heç kimi xəbərdar etmədən bir məktəbdə və bir uşaq bağçasında olduq. Doğrusu, gördüklərimizdən hədsiz məmnun qaldıq. Çaylı kəndindəki tam orta məktəbdə noyabr tətilinə buraxılmağa bir saat qalmasına və sonuncu dərs olmasına baxmayaraq, şagirdlərin, demək olar ki, hamısı dərslərdə iştirak edirdi. Məktəbdəki səliqə-sahman, ayrı- ayrı fənn kabinetləri göz oxşayırdı. Həyətdəki yaşıllıq, uşaqlar üçün idman meydançaları müasir bir təhsil ocağından xəbər verirdi. Dedilər ki, sovetlər dönəmində tikilmiş bu məktəb binası indiyədək əsaslı təmir olunmadığından uçub dağılırdı. Amma rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbimizin bu vəziyyətini görüb tezliklə tədbir görəcəyini dedi və qısa vaxt ərzində belə bir gözəl şəraiti olan təhsil ocağını bizə bəxş etdi. Vaxtilə bu məktəbin direktoru olmuş, hazırda isə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş İlqar müəllim yüksək zövqlə təmir olunmuş sinif otaqlarını və hələ də təmiri gedən digər otaqları göstərib dedi ki, rayonda yaradılmış yüksək işgüzarlıq, təşəbbüskarlıq şəraiti bizi də ruhlandırıb. Gərək bütün varlığımızla göstərilən etimadı doğruldaq. Ürkməzli kənd körpələr evi-uşaq bağçasında qarşılaşdıqlarımız da bir daha sübut edirdi ki, artıq rayonda hər cür xoşagəlməz, neqativ halların qarşısı alınır. Səliqəli mətbəx, körpələr üçün hazırlanan dadlı nahar yeməyi, tərtəmiz yataq ağları, oyuncaqlar, az qala hər bir körpənin, necə deyərlər, başına fırlanan dayə və tərbiyəçilər… Adam inana bilmirdi ki, bura ucqar bir kəndin uşaq bağçasıdır.
Bir qədər yuxarıda rayonda hərbi vətənpərvərlik tərbiyəsinin müxtəlif forma və metodlarından istifadə olunmasından danışdıq. Tarixi şəxsiyyətlərin, qazaxlı generalların, Milli qəhrəmanların təbliği, onların abidələrinin ucaldılması, muzeylərinin yaradılması, adlarının əbədiləşdirilməsi və sair tədbirlərin geniş yayılması bu qəbildən olan işlərdəndir. İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun şərəfinə rayonun girişində möhtəşəm, həm də orijinal təyyarə-abidə kompleksinin ucaldılması Qazaxda çox böyük maraqla və rəğbətlə qarşılanmışdır.
Rayonda elə ay, hətta elə gün yoxdur ki, hansısa bir bulağın, yolun, abidənin, bağın-bağçanın, inzibati binanın açılışı olmasın. Quşçu Ayrım kəndi əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilib. Bala Cəfərli və Xanlıqlar kəndlərində bəzi imkansız ailələr üçün yaşayış evlərinin tikintisi başa çatdırılmışdır. Bala Cəfərli kəndində bir neçə evin dam örtüyü tamamilə, onlarca evin dam örtüyü isə qismən dəyişdirilmişdir. Quşçu Ayrım, Ürkməzli, Dəmirçilər, Xanlıqlar kəndlərində ayrı-ayrı şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmışdır. Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Ürkməzli kəndində bir ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu quraşdırılmış, 2 kilometr uzunlu- ğunda su xətti, Dəmirçilər kəndində 1 kilometr uzunluğunda içməli su xətti çəkilmişdir. Aslanbəyli kəndində isə 1 ədəd 5 tonluq su çəni quraşdırılmış, 350 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
“Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində hər birinin illik istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodunun tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi işləri davam etdirilir. Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş düyədən 76 buzov alınmış, hazırda təsərrüfatda əlavə tikinti işləri başa çatmış və daha 100 baş cins düyələrin gətirilməsi istiqamətində danışıqlar aparılır.
Rayon rəhbərliyi torpaqlardan daha səmərəli istifadə etmək üçün məqsədyönlü işlər aparır. Kəndlərdə keçirilən görüşlərdə şəkər çuğundurunun daha çox gəlir gətirdiyi vurğulanır və bu istiqamətdə təbliğat işləri genişləndirilir. Bildirilir ki, ayrı-ayrı sahələrdən torpaq nümunələri götürülüb və türkiyəli mütəxəssislər hansı zonada hansı məhsulun yetişdirilməsinin məqsədəuyğun olacağını müəyyənləşdirirlər. Qazaxda bu soyuq payız günlərində də qızğın iş gedir. Şəhərin Heydər Əliyev Park Kompleksi tamamilə yenidən qurulur. Burada hər gülün, çiçəyin, hər kolun, ağacın qayğısını çəkirlər, işıqlandırma sistemi dəyişdirilir, daha müasiri ilə əvəz olunur, yeni oturacaqlar quraşdırılır, fəvvarələr düzəldilir, əlavə istirahət guşələri yaradılır, heykəllərə, büstlərə yeni görkəm verilir və sair.
Yaxın vaxtlarda yeni xəstəxana kompleksinin çoxdan gözlənilən tikintisinə start veriləcək. Su və kanalizasiya xəttinin dəyişdirilməsi işi də başlanır.
Qazaxda əməlli -başlı iş gedir. Bu iş sərhəd rayonunun görkəmini daha da dəyişdirəcəkdir. Lakin bəzi bədxahlar bunu qəbul edə bilmir, rayon və onun rəhbəri haqqında şər, böhtan yazırlar. Lakin onların cavablarını sadə qazaxlılar özləri verirlər. İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov bizimlə söhbətində dedi ki, qazaxlılar olduqca mehriban, işgüzar, yaxşılığı unutmayan insanlardır:
– Qazaxlıya tərəf bir addım atanda sənə on addım atacaq, – deyə R.Babaşov Qazax əhalisinin təşəbbüslərə həvəslə qoşulmasından, işgüzarlığından danışır.
– Ölkə Prezidenti cənab İlham Əliyevin Qazaxa ötən aydakı səfəri adamların böyük ruh yüksəkliyinə səbəb olub. Ölkə rəhbərinin bir sıra obyektlərin açılışında və təqdimatında iştirakı, əhali ilə görüşləri, dəyərli məsləhətləri və tövsiyələri uzun müddətdir ki, əmək kollektivlərində, təhsil ocaqlarında təhlil olunur, gələcək işlərdə fəaliyyət proqramı kimi qəbul edilir. O ki qaldı bədxahlara, bu, həmişə olub, yenə də olacaq. Zaman və ortada olan müsbət işimiz onları kölgədə qoyacaq, buna inanın.


Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri

Keçidlər