Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunub

15 oktyabr 2021 | 16:00

2020-ci ili tariximizə Zəfər ili kimi yazdıran İkinci Qarabağ müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsi! Ötən ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Qələbə ilə hərb tariximizə yazılan şərəfli 44 gün. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin dünya miqyasındakı reytinqini artırmaqla yanaşı, bir daha sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də bir çox yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 1 il ötür. Bu gün Vətən müharibəsində Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən əsgər Abdullayev Taleh Temraz oğlunun, çavuş Pənahov Elməddin Məqsəd oğlunun, gizir Şükürov İlkin Aslan oğlunun, çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ildönümləri qeyd olunub.
Qazax rayonunun Yuxarı Salahlı, Ürkməzli və Xanlıqlar kəndlərində keçirilən ildönümü mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidlərimizin vaxtilə təhsil aldıqları tam orta məktəblərin müəllim və şagirdləri,  ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğullarının ruhlarına dua oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədə Taleh, Elməddin, İlkin, Pərvin kimi qəhrəman oğullarımızın da payı olduğunu bildirib. İllər keçsə belə Vətəni canından əziz tutan qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib. Şəhidlərimizi yad etməyin, onların ailələrinə, qazilərimizə sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun ildönümü

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun ildönümü

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun ildönümü

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ildönümü

 

Keçidlər