Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Qazaxda səfərdə olub

08 oktyabr 2021 | 16:00

Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə həkim məntəqəsi üçün tikilmiş yeni inzibati binaya baxışla əlaqədar Qazax rayonunda səfərdə olub.
Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Səfir Vada Cüniçi, Yaponiya səfirliyinin əməkdaşı Natəvan Vəkilova, "Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsi proqramı üzrə Konsultantlar Haşimoto Takuma, Zakir Əliyev, "Qazax rayonunun Çaylı kəndində yeni həkim məntəqəsinin tikilməsi” layihəsinin layihə rəhbəri Təranə Kərimova, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Qazax Rayon İcra Hakimiyyətində olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, onları Qərbin qapısı sayılan Qazaxda qarşılamaqdan məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb. İcra başçısı səfirə Qazaxın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qazaxda bütün sahələrin, xüsusilə də sənayenin, kənd təsərrüfatının, turizmin inkişafı üçün bütün imkanlar mövcuddur. İcra başçısı səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib. Rayon rəhbəri bildirib ki, Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında tikilmiş yeni həkim məntəqəsi Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və möhkəmləndirilir. İcra başçısı qeyd edib ki, Yaponiya dövləti qədim tarixi köklərə malikdir. Bu gün Yaponiya dövlətinin ölkəmizdə çoxsaylı layihələri həyata keçirdiyini qeyd edən rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib. Qazaxda tikilən yeni həkim məntəqəsinə görə rayon ictimaiyyətinin, ziyalılarının adından Yaponiya dövlətinə və səfirinə minnətdarlığını çatdırıb, səmimi münasibətlər üzərində qurulan əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb.
Səfir Vada Cüniçi göstərilən xoş münasibətə, Yaponiya dövlətinin ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan səfir müharibə zamanı həlak olan şəhidlərimizlə bağlı dərin hüznlə başsağlığı verib.  Yaponiyanın sülhsevər ölkə olduğunu qeyd edən səfir regionda tezliklə sülhün bərqərar olmasını arzu edib və Yaponiya dövləti olaraq bunun üçün hər cür dəstək olmağa hazır olduqlarını vurğulayıb. Gələn il Azərbaycan ilə Yaponiya dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edən səfir dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. 30 il ərzində iki ölkə arasında iqtisadi, mədəni, eləcə də digər sahələr üzrə çox gözəl münasibətlərin formalaşdığını, əlaqələrin qurulduğunu vurğulayıb. Səfir qeyd edib ki, gəlişinin əsas məqsədi Qazax rayonu ilə dostluq əlaqələrini daha da möhkəmləndirməkdir. "Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsindən söz açan səfir bildirib ki, həmin layihə əsasında bütün regionlarda 264 layihə həyata keçirilib ki, onun 4-dü Qazaxda icra edilib. Həmin layihələr əsasən suvarma və səhiyyə sahəsi üzrə olub ki, hər iki sahə insanlara xidmət edən sahələrdir. Səfir qeyd edib ki, hər zaman çalışmışıq ki, regionlarda insanların məişətinə, yaşayış tərzinə faydalı olacaq layihələri həyata keçirək. Bunlar su, səhiyyə sahəsi üzrə olan layihələr olub. Çox istərdik ki, gələcəkdə kənd təsərrüfatı və digər sahələr üzrə də insanlara yararlı ola biləcək layihələri icra edə bilək. Səfir habelə Yaponiyada xarici işçi qüvvəsini qəbul etmək üçün 2019-cu ildən etibarən yeni "Xüsusi bacarıq” sisteminin fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, bu müəyyən dərəcədə təcrübə və bacarıqlara sahib olan və ciddi işçi qüvvəsi çatışmazlığı şəraitində dərhal işə başlaya biləcək xarici vətəndaşları qəbul etmək üçün yaradılmış yeni bir sistemdir. Müəyyən yapon dili bacarığı olan Qazax sakinlərinin də bu layihədə iştirak edə biləcəyini bildirib. Görüşdə həmçinin əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra səfər çərçivəsində yaponiyalı diplomat və qonaqlar rayonla yaxından tanış olublar. Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını, Ədəbiyyat Muzeyini, şəhərin mərkəzində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanını, Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini, rayonda fəaliyyət göstərən Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçasını, Qazax Sement Zavodunu, "Azərxalça” ASC-nin Qazax filialını, "Saloğlu” mebel fabrikini və Damcılı bulağını ziyarət edib.
Səfir şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramını bildirib. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 339 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi ilə tanışlıq zamanı qeyd olunub ki, kompleks 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb.
Fəxri Qazaxlılar parkı və Ədəbiyyat Muzeyi ilə tanış olan səfirə Qazaxın ziyalıları, şairləri, saz-söz sənətinin nəhəngləri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində uşaqlara göstərilən qayğı ilə maraqlanan yaponiyalı diplomata bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğu bildirilib. Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası ilə tanış olan səfir yaradılan şəraitin şahidi olub və uşaqlara olan qayğını yüksək qiymətləndirib.
Sənaye və istehsal müəssisələri ilə yaxından tanış olan diplomata hər müəssisənin illik istehsal gücü, xammal bazası, ixracı, işçi qüvvəsi haqqında ətraflı və dolğun məlumatlar verilib.
Rayonla yaxından tanış olan səfir Vada Cüniçi ona göstərilən qonaqpərvərlikdən razılığını bildirərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrıldığını qeyd edib.

 

Fəxri Qazaxlılar parkı ilə tanışlıq

Ədəbiyyat Muzeyi ilə tanışlıq

Şəhidlər xiyabanını ziyarət

Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət

Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası ilə tanışlıq

Qazax Sement Zavodu ilə tanışlıq

Damcılı bulağı ilə tanışlıq

"Azərxalça” ASC-nin Qazax filialı ilə tanışlıq

 

"Saloğlu” mebel fabriki ilə tanışlıq

 

 

 

 

 

Keçidlər