Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Qəhrəmanlar ehtiramla yad olunur

08 oktyabr 2021 | 16:00

Vətən müharibəsində, haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,  icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər.
Qəhrəman şəhidimizin Birinci Şıxlı kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci müavin Məmməd Alıyev Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə-kompleksinin  yaradıldığını qeyd edib. Bu gün həmin abidə-kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini bildirib.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
8 oktyabr 2021-ci il

Keçidlər