Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vaqif poeziya gününə həsr olunmuş tədbir keçirilmişdir

24 avqust 2016 | 16:00

Qazax rayonunda Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günləri ilə bağlı Ədəbiyyat Muzeyində tədbir keçirilmişdir. Tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqalları, şair və yazıçılar iştirak etmişlər. Əvvəlcə,tədbir iştirakçıları Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin Qazaxdakı Mütəfəkkirlər parkındakı qoşa heykəllərini ziyarət edərək xatirəsini anmışlar və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. 
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Qazax Zona Filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal açmış və Molla Pənah Vaqifin poeziya günləri barədə məlumat vermişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov M.P.Vaqif yaradıcılığı barədə məruzə ilə çıxış etmiş və bildirmişdir ki, bu gün hamımız böyük şairimiz, Molla Pənah Vaqifi yad etmək, onun büllur kimi saf, bal kimi şirin poeziyasından bəhs etmək üçün bir yerə toplaşmışıq. Vaqif elə bir söz ustadı olmuşdur ki, Azərbaycan ədəbiyyatında böyük dönüş yaratmış, xalq poeziyası ilə əruz vəznli şeirimiz arasında möhkəm bir körpü salmışdır. O, Azərbaycan ədəbi dilini elə cilalamışdır ki, özündən sonra gələn 19-cu əsr şairləri üçün yeni cığır açmış, böyük bir ədəbi məktəb yaratmışdır. İndi çox möhkəm bir inamla demək olar ki, əgər ədəbiyyatımızda Vaqif olmasaydı, şeirləri dillər əzbəri olmuş çox sayda şairimiz də olmazdı. Təsadüfi deyil ki, qüdrətli sənətkarımız Səməd Vurğun Azərbaycan dilinə "Vaqifin dili"- deyə müraciət edirdi.
"Hər oxuyan Molla Pənah olmaz" - deyimi də Vaqifin şərəfinə söylənilmişdir.
Vaqif həm də ictimai xadim, Qarabağ xanı İbrahim xanın indiki ifadə ilə deyilsə, xarici işlər naziri olmuşdur. Bu, ona dəlalət edir ki, Vaqif yalnız bədii yaradıcılıqla deyil, dövlət işləri ilə də yaxından məşğul olmuş, müxtəlif ictimai-siyasi məfkurələrin meydana çıxdığı bir dövrdə sayılıb-seçilən şəxsiyyət kimi şöhrət qazanmışdır. Vaqif şübhəsiz ki, hər şeydən əvvəl şair idi. Onu xalqa sevdirən gözəl qoşmaları, xalq şeiri üslubunda yazdığı digər şeirləridir. Zaman keçdikcə Molla Pənah Vaqifin xalqımız üçün miras qoyub getdiyi ədəbi irsi daha dərindən öyrəniləcək, onun poeziyasının qüdrəti nəsillərə nümunə olacaqdır.
Gələn il Vaqifin anadan olmasının 300 illiyi tamam olacaqdır. Bu yubileyin yüksək səviyyədə keçirilməsi üçün hər birimiz indidən hazırlaşmalıyıq.
Bugünkü poeziya bayramını da həmin yubileyə bir hazırlıq hesab edirəm.
Bu işdə hər birinizə uğurlar diləyirəm!
Diqqətinizə görə sağ olun!
Sonra şairlərdən Ələddin İncəli, Süleyman Mustafaoğlu, Həvəskar, Mətanət Qüdsi, Qərib Mehdi, Zaməddin Ziyadoğlu, Elməddin  Nicat, Zərəngiz Dəmiçiqızı, İsa Tovuzlu, Rüfət Axundlu, Qurban Həmidov, Ramiz Təmkin, gənc şairlərdən, Şəhanə Aslanbəyli, Mahmud Məsim, Məhəmməd Şəmkirli, M.P.Vaqifin kötücəsi Vidadi Müftizadə, aşıqlardan, Camoy Qurbanov, Samir Allahverdiyev və başqaları çıxış edərək M.P.Vaqifə həsr etdikləri şeirlərini söyləmişlər və şairin şeirlərini müxtəlif saz havaları üstündə oxumuşlar.

Keçidlər