Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda abadlıq işləri davam etdirilir

06 avqust 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası imkan verir ki, respublikamızın bütün bölgələrində yenidənqurma və abadlıq-quruculuq işləri aparılsın. Bu gün tam əminliklə söyləyə bilərik ki, dövlət başçısının diqqət və qayğısı sayəsində Qazax rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Görülən işlər nəticəsində rayonda yeni asfalt çəkilmiş yolların, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təmir olunmuş çoxmənzilli yaşayış binalarının, yeni tikilən, eləcə də təmir edilən məktəb binalarının, körpələr evi-uşaq bağçalarının sayı ildən-ilə artır. Bu isə bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilir.
Hazırda ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur ki, bu iş də uğurla icra olunur. Ən əsası isə şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eləcə də işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Həyata keçirilən işlər sayəsində küçələrə yeni asfalt vurulur, səkilərə bardürlər düzülür, tamet döşənir, çoxmərtəbəli binaların həyəti "Abad məhəllə” adı altında sakinlərin ixtiyarına verilir.
Yeni asfalt örtüyü vurulan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri, eləcə də yeni asfalt döşənəcək Əliağa Şıxlinski küçəsində görülən işlər bu dediklərimizin bariz nümunəsidir. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq işləri rayonda "Abad məhəllə”lərin sayının gündən-günə artmasından xəbər verir.
Hər kəsə o da yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov istər su-kanalizasiya sisteminin çəkilişini, istərsə də rayonda aparılan abadlıq işlərini daim nəzarətdə saxlayır. Su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, görülən bütün işlərin günün tələbləri səviyyəsində qurulması, keyfiyyətə üstünlük verilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verir.

Keçidlər