Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aparılan quruculuq işləri gündən-günə daha geniş miqyas alır

27 iyul 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bölgələrində genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlər sayəsində şəhər və kəndlərin siması tanınmaz dərəcədə dəyişir.
Bu gün tam əminliklə dəyə bilərik ki, ölkə başçısının diqqət və qayğısı sayəsində Qazax rayonu da özünün intibah dövrünü yaşayır. Rayonda aparılan abadlıq və quruculuq işlərinin gündən-günə daha geniş miqyas alması, yeni asfalt vurulan küçələrin, “Abad məhəllə”lərin sayının artması bu dediklərimizin əyani sübutudur.
Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur ki, bu sahədə işlər sürətlə davam etdirilir. Şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür, küçələrə yeni asfalt örtüyü çəkilir, binaların həyətlərinə beton vurulur, asfalt döşənir. Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq,  Zeynalabdin Tağıyev,  Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi, asfalt örtüyün vurulması bu dediklərimizin bariz nümunəsidir. Şəhərdə yeni asfalt döşənəcək küçələrin siyahısına Əliağa Şıxlinski küçəsi də əlavə olunub ki, burada ilkin olaraq bardürlərin düzülməsi işi aparılır.
Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun əyani sübutudur. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işləri onu söyləməyə əsas verir ki, şəhərdə "Abad məhəllə”lərin sayı duramadan artır.
Təqdirəlayiq hal isə odur ki, rayon rəhbərliyi istər su və kanalizasiya sisteminin çəkilişini, istərsə də görülən işləri daim diqqət mərkəzində saxlayır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də abadlıq-quruculuq işləri aparılan ərazilərdə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.
Qazaxda aparılan tikinti-quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün rayon rəhbərliyinə razılıqlarını ifadə edərək təşəkkürlərini çatdırırlar.

Azadlıq küçəsi

Zeynalabdin Tağıyev küçəsi

Əminə Dilbazi küçəsi

Murtuz Carçıyev küçəsi

Əliağa Şıxlinski küçəsi

Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı binaların həyəti

Azadlıq küçəsi 92 saylı bina

Ş.Xiyabanı küçəsi 12 saylı bina

Ş.Xiyabanı küçəsi 14 saylı bina

Ş.Xiyabanı küçəsi 25 saylı bina

Ş.Xiyabanı küçəsi 27 saylı bina

Keçidlər