Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Cəbhəyanı kəndlərdə sakinlər diqqətdən razıdır

20 may 2020 | 16:00

   

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları hər gün davam edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının məsul şəxsləri ilə birlikdə düşmən tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub. Yaşayış evinin damına zərər dəymiş kənd sakini Kərimov Kərim Əşrəf oğlunun evində olaraq onunla görüşüblər.
“Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri dövlətin hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı qeyd edib ki, necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan məcburi küçkünlərimizin qayğıları diqqət mərkəzində saxlanılır, eləcə də sərhəddə yerləşən kəndlərdə yaşayan insanlarımıza da o cür qayğı ilə yanaşılır. İcra Hakimiyyətinin başçısı rayonda sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Alpout, Abbasbəyli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıb.
Baş vermiş atışmadan söz açan rayon rəhbəri bu gün sərhədlərimizin keşiyində mətin dayanan “Qazax” əlahiddə sərhəd diviziyasının əsgər və zabitlərinin ayıq-sayıqlığı sayəsində düşmənə layiqli cavabın verildiyini bildirib. Hazırda Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrinə hazır olan güclü ordumuzun, sərhədçilərimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib.
Evinin damına zərər dəymiş kənd sakini Kərim Kərimov cəbhə bölgəsində yaşayan əhaliyə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Baş vermiş hadisə ilə bağlı onun ailəsinə baş çəkilməsini dövlətin, ölkə başçısının və rayon rəhbərinin vətəndaşa olan qayğısı kimi səciyyələndirib.
***
Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq 30 ildir ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayır. Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd etmək lazımdır ki, düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an həyəcanda yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına istinad divarlarının çəkilməsini təmin etdi.
Görülən bu işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Həmçinin sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün məqsədyönlü işlər görülüb. Yol boyu hündürlüyü 3 metr, uzunluğu isə 480 paqonmetr olan istinad hasarının 400 paqonmetri artıq çəkilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndində istinad divarının çəkilişi ilə bağlı yerində baxış keçirib. Ötən il başlanılan işlərin bu il yekunlaşacağını qeyd edib. Görülməsi nəzərdə tutulan işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
20 may 2020-ci il

Keçidlər