Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda 20 Yanvar faciəsinin ildönümü geniş qeyd olunmuşdur

20 yanvar 2016 | 16:00

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatır-layır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamı əsasında Qazax rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuşdur.
Tədbirlər planına uyğun olaraq Qazax rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə silsilə anım tədbirləri həyata keçirilmişdir.
Qazax şəhərində və rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda, çoxsaylı əmək kollektivlərində 20 Yanvar faciəsi ilə bağlı toplantı, konfrans,  mühazirələr, sərgilər təşkil olunmuşdur. Rayon Mədəniyyət Mərkəzində faciəyə həsr olunmuş  kompozisyalar göstərilmişdir.
Rayonun ali və orta təhsil müəssisələrində, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar fotostendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilmişdir. Yanvar ayının 19-da rayonun bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.


Gün ərzində rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş, Şəhidlər Xiyabanında matəm musiqisi səsləndirilmiş, saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə  20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, rayon rəhbərliyi , hərbi hissələrin və hüquq mühafizə orqanlarının şəxsi heyyəti və əməkdaşları, çoxsaylı əmək kollektivləri, müharibə və əmək  veteranları, gənclər, QHT və KİV nümayəndələri və  yüzlərlə  rayon sakini iştirak etmiş, Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə qərənfil dəstələri qoyulmuşdur.
Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Şəhidlərin xatirəsinə dualar oxunmuş, gün ərzində insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anmışlar.

Keçidlər