Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN qatar” Qazaxda 3 mindən artıq vətəndaşa xidmət göstərib

22 fevral 2020 | 16:00

Məlumat verdiyimiz kimi, bu il artıq dördüncü dəfə Səyyar “ASAN qatar” Qazaxda rayon sakinlərinə xidmət göstərir. Fevralın 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.
3 vaqondan ibarət qatarda  səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Fevralın 29-dək Səyyar “ASAN qatar” vasitəsilə sakinlərə 27 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxildir.
Bu günə kimi müraciət etmiş 3536 nəfərdən 3409 nəfərə xidmət göstərilib.
Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər