Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

18 fevral 2020 | 16:00

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bununla əlaqədar bu gün Qazax rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Gənclər Mərkəzinin böyük zalında hesabat yığıncağı öz işinə başlayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.
Katiblər seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Sonra icra başçısı 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, yanvarın 13-də müşavirədə ölkə başçısı Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirərək, bütövlükdə 2019-cu ilin  ölkəmiz üçün uğurlu il olduğunu qeyd edərək qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafını təmin etdiyini və beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edildiyini, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir. Rayon rəhbəri ölkəmizdə, eləcə də Qazax rayonunda 2019-cu ildə qazanılmış uğur və nailiyyətlərdən, görülmüş tikinti-quruculuq işlərindən də söz açıb. Görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Dövlət Proqramında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilmişdir. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində görülən işlərə diqqət çəkən icra başçısı Respublika Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü tapşırıqların yerinə yetirildiyini qeyd edib.
Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsini qeyd edən rayon rəhbəri rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra başçısı son 4 ilə yaxın bir müddətdə Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz 2019-cu ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Necə ki, həmin beş ilin birinci ili bütün sahələr üzrə xeyli sayda uğurlarla yadda qaldı. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2020-ci ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.
Rayon rəhbəri hazırda Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsindən də danışıb. Qeyd edib ki, bu layihə çərçivəsində qısa bir vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da siması tamamilə dəyişəcək, daha yeni görkəm alacaq, abad və müasir rayonlar sırasına yazılacaq. Bildirib ki, ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün gözəllikləri özündə əks etdirən “Abad məhəllə” adı altında rayonumuzun ən gözəl ünvanına çevriləcək.
Sonra Rayon Maliyyə İdarəsinin rəisi Elçin Rzayev, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov məruzə ətrafında çıxış edərək hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açıblar. Ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə, mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Gənc fəal, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci ilin "Gənclər ili", 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi göstərib. Ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri, atılan uğurlu addımları qeyd edən gənc bu cür addımları Azərbaycanda gənclər ordusuna verilən yüksək qiymət kimi vurğulayıb. Hər bir gəncin arxasında güclü Azərbaycan dövlətinin və gənclərə daim qayğı göstərən ölkə başçısının dayandığını bildirib. Bunun bariz nümunəsi kimi 2020-ci ilin məhz “Könüllülər ili” elan edilməsini bir daha nümunə göstərib. Gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər olaraq onlara göstərilən etimadı bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarına, onlara verilən şansı və hər bir gəncin həyatına müsbət dərəcədə təsir edəcək bu ili səmərəli şəkildə dəyərləndirəcəklərinə söz verib. Sonda gənclərə göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova qazaxlı gənclər adından minnətdarlığını bildirib.
Hesabat yığıncağında iştirak edən sakinlərdən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova, Hüseynbəyli kənd sakini Vilayət İsgəndərov, Xanlıqlar kənd sakini Hüseyn Hacıyev, Fərəhli kənd sakini Alı Hüseynov, şəhər sakinlərindən - Şahin Əliyev, M.Hüseyn adına məktəb-liseyin direktor müavini Rəhim Muradov, N.Nərimanov qəsəbəsində yerləşən 49 saylı binanın sakini Lalə Əliyeva və başqaları çıxış edərək 2019-cu ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya, sahibkarlara verilən dəstəyə görə Respublika Prezidentinə sonsuz təşəkkürlərini çatdırıblar. Dövlət başçısının siyasətini Qazaxda olduğu kimi icra etdiyinə, ən əsası da vətəndaş amilini hər zaman ön plana çəkməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova razılıqlarını ifadə ediblər. Şəhərin su və kanalizasiya sisteminin çəkilişinin keyfiyyətlə aparılmasına, Xanlıqlar kəndində 2 km-ə yaxın yeni asfalt yolun çəkilməsinə, Fərəhli kəndinə yolun çəkilişinin 2020-ci ilin investisiya proqramına salınmasına, yeni qazılacaq subartezian quyularına görə xüsusi təşəkkürlərini çatdıraraq bu cür işlərin davamlı olacağına əminliklərini bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər bir sıra təkliflərini də bildiriblər. Şəhid ailələri və məcburi köçkünlər üçün yeni binaların tikilməsinə, su və kanalizasiya sisteminin çəkilişi işləri bitdikdən sonra küçələrin asfaltlanmasına, Coğaz çayı ətrafında su anbarının tikintisinə və Kür çayından ora kanal çəkilməsinə kömək göstərilməsini qeyd ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov hesabat yığıncağında çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsi yüksək qiymətləndirilməlidir. Necə ki, hesabat yığıncağında iştirak edən insanlar buna öz müsbət münasibətini bildirdi və yüksək qiymətləndirdi. Çıxışlarda istər ölkə başçısının, istərsə də rayon rəhbərinin ünvanına səslənən müsbət fikirlər bir daha onu sübut etdi ki, ölkə vətəndaşları respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə biganə qalmır, əksinə ürək sözlərini bildirərək yüksək dəyərləndirirlər.
Natiq çıxışı zamanı 2003-cü ildən cənab Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü əsasında, bilavasitə rəhbərliyi altında respublikamızda təsdiq edilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın uğurla icrası sayəsində respublikamızın bölgələrinin simasının tamamilə dəyişdiyini qeyd edib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən çox böyük infrastruktur layihələrin icra olunacağını, proqram əsasında görülən bütün işlərin vətəndaşların həyat səviyyəsinin, yaşayışlarının yaxşılaşdırılmasına, layiqincə təmin olunmasına yönəldiyini vurğulayıb.
O.Mürsəlov qeyd edib ki, bu gün vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilən bir amil də var ki, bu, ölkəmizdə aparılan kadr islahatları, struktur dəyişiklikləridir. İstər Nazirlər Kabinetində, istər Prezident Administrasiyasında aparılan kadr islahatları, xüsusilə də gəncləşdirmə siyasətinə üstünlük verilməsinin vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanması bir daha onu göstərir ki, dövlətimiz bu sahədə çox düzgün siyasət yürüdür.
Ölkəmizdə gənclərlə bağlı siyasətin də uğurla davam etdirildiyini qeyd edən administrasiya nümayəndəsi Qazaxda da bu siyasətin layiqincə yerinə yetirildiyini bildirib. Rayon rəhbərinin fəaliyyəti dövründə rayon gənclərinin rayonun idarəçiliyinə cəlb edilməsində mühüm işlər görüldüyünü, gənclərə hər zaman diqqət və qayğı göstərildiyini, onlara geniş imkanlar açıldığını qeyd edib və bu addımı yüksək qiymətləndirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini könüllülük fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirən natiq Qazaxda bu sahənin də daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Könüllülər də daxil olmaqla gənclərin reyestrinin, statistikasının aparılması, ailə vəziyyəti, hansı işlə məşğul olmaları, qarşıdakı hansı planlarının olması və s. haqqında dolğun məlumatların hazırlanması işindən söz açan natiq bu işin Qazaxda uğurla həyata keçiriləcəyini qeyd edib və bununla bağlı bəzi təkliflərini də bildirib.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı çıxışından, düşmənə verdiyi layiqli cavabdan söz açan O.Mürsəlov qeyd edib ki, ölkə başçısı öz çıxışı ilə bir daha sübut etdi ki, düşmənin səsləndirdiyi hər bir fikir onların əleyhinə işləyir. Öz tarixini bilməyən düşmənə verilən layiqli cavab onların bütün hallarda heç bir söz haqqına sahib olmadığını bir daha nümayiş etdirdi. Çıxışının sonunda hesabat məruzəsini yüksək qiymətləndirən natiq 2020-ci ildə də daha böyük nailiyyətlərin qazanılacağını bildirib və bu yolda hər kəsə uğurlar arzulayıb.
Sonda iclasın qərar layihəsi oxunub və Respublika Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq bildirib ki, bu gün respublikamızın bütün bölgələri, o cümlədən də Qazax rayonu ildən-ilə inkişaf edir. Ölkə başçısının bizlərə göstərdiyi yol xəritəsi ilə uğurlu addımlarla parlaq gələcəyə doğru irəliləyirik. Ən əsası da dövlət başçısının vətəndaşlara olan münasibətini əldə rəhbər tutaraq bütün işlərimizi siz rayon sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində qurmağa çalışırıq. İcra başçısı qeyd edib ki, 2019-cu il uğurlu bir il olduğu kimi, 2020-ci il də bizim üçün görülən işlərin miqyasına görə daha əlamətdar olacaqdır. Bunun üçün ölkə başçısının ətrafında daha sıx birləşməli və var qüvvəmizlə çalışaraq Azərbaycanın çiçəklənməsi naminə öz töhfəmizi verməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.

 

Keçidlər