Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətlərinə yerində baxılıb

20 yanvar 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bu gün hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyət hissi qoymaqla yanaşı ölkəmizdə vətəndaş amilinin daim diqqət mərkəzində olmasından da xəbər verir.
Tam əminliklə söyləyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş-məmur münasibətləri demək olar ki, rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibət, vətəndaşlara göstərdiyi diqqət və qayğı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu bilən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını yaxşı bilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümumi qəbul zamanı müraciət etmiş Quşçu Ayrım və Çaylı kənd sakinlərinin müraciətlərinə əsasən həmin kəndlərdə olub, yerində baxış keçirib.
Quşçu Ayrım kənd sakinləri Nuruyeva Dilbər Müzəffər qızının, İsmayılov Fizuli Zirəddin oğlunun və Məmmədov Paşa Məmməd oğlunun su məsələsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri məsələnin araşdırılması və müvafiq köməklik olunması barədə aidiyyatı üzrə tapşırıq verib.
Çaylı kənd sakinləri Abdullayev Əzim Hacıkərim oğlu və Sanıyev Fərrux Şərif oğlu da su məsələsi ilə bağlı müraciət ediblər. Sakinlərin istəyinə əsasən Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin baş mühəndisi Telman Orucovla birlikdə yerində baxış keçirən icra başçısı hər il olduğu kimi bu il də Çaylı kəndində yeni bir ədəd subartezian quyusunun qazılacağını bildirib. İlin ikinci yarımilliyində isə qazılması nəzərdə tutulan subartezian quyusunun onların söylədiyi əraziyə salınacağını qeyd edib. 
Çaylı kənd sakinlərindən Mayıl Mehdiyev çıxış edərək onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onların istəyini nəzərə alıb görüşə gəldiyinə və məsələnin həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıb.

 

Keçidlər