Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə 2019-cu ilin yekununa həsr olunmuş hesabat yığıncağı keçirilib

07 yanvar 2020 | 16:00

Bu gün Qazaxbəyli kəndində işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərindən məcburi köçkün olan ailələrin məskunlaşdığı yeni qəsəbədə Aşağı Əskipara kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Aşağı Əskipara kənd tam orta məktəbin akt zalında keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.
Hesabat yığıncağını aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq məcburi köçkün ailələrini salamlayıb, yeni il münasibətilə onları bir daha təbrik edib və xoş arzularını çatdırıb. Bildirib ki, 2019–сu il artıq başa çatıb və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlərdə öz siyasətini daha da inamla və uğurla aparıb. Ölkə iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişaf, hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da güclənəcək və əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edən uğurlu addımlar yenicə qədəm qoyduğumuz 2020-ci ildə də davam etdiriləcək. Yola saldığımız 2019-cu ilin rayonumuz üçün bütün sahələr üzrə uğurlu bir il kimi yadda qaldığını deyən müavin görülən işlərdən danışıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü və rəhbərliyi ilə rayonumuzda bir çox layihələrin uğurla həyata keçirildiyini qeyd edib.
Sonra Aşağı Əskipara kənd icra nümayəndəsinin müavini Anar Vəliyev geniş hesabat məruzəsi ilə çıxış edərək 2019-cu ildə nümayəndəlik üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. A.Vəliyev qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda məskunlaşmış məcburi köçkünlərlə müntəzəm olaraq görüşmüş, onların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Məcburi köçkünlərin yaşadıqları ərazilərdəki yollar qum-çınqılla təmir edilmiş, onların həyat şəraitləri yaxşılaşdırılmışdır. Müavin nümayəndəlikdən 34 nəfər məcburi köçkün ailəsinin müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmasını rayon rəhbərinin bu təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi göstərib.
Bildirib ki, Aşağı Əskipara kənd İƏD–si üzrə nümayəndəlik 3 yaşayış məntəqəsini əhatə edir. Aşağı Əskipara kəndi 341 təsərrüfat olmaqla 1442 nəfərdən, Bağanıs Ayrım kəndi 144 təsərrüfat olmaqla 687 nəfərdən, Xeyrımlı kəndi isə 67 təsərrüfat olmaqla 310 nəfərdən ibarətdir.
Nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində bir tam orta ümumtəhsil məktəbi və bir ibtidai məktəb fəaliyyət göstərir. Məktəblərdə ümumilikdə 175 şagird təhsil alır. 32 nəfər müəllim  təlim-tərbiyə işləri ilə məşğuldur. 2019-cu ildə məktəbi bitirən 17 məzundan 8 nəfəri ali, 4 nəfəri orta ixtisas məktəbinə daxil olmuşdur.
2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat ilində Aşağı Əskipara kənd sakinlərinin müraciətlərinə baxılmış, 22 şifahi və 2 yazılı ərizələri tərəfimizdən müzakirə və həll edilərək lazımi köməkdarlıq göstərilmişdir. İmkanlarımız daxilində olmayan məsələlərin həlli isə rayon rəhbərliyinin göstərişi ilə aidiyyəti təşkilatlar tərəfindən yerinə yetirilmişdir.
Hesabat dövründə 9 doğum, 3 nikah, 15 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və statistika idarəsinə hesabat verilmişdir.
Onu da qeyd etmək lazımdır ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və imkansız ailələr həmişə olduğu kimi 2019-cu ildə də diqqət mərkəzində olmuş, onlara bayram bağlamaları verilməsi ənənə şəklini almışdır.
Müavin qeyd edib ki, bu gün xalqımızın ən yaralı yerlərindən biri Qarabağ problemidir. Bildiyiniz kimi bu problem bizim rayonumuzdan da yan ötməmişdir. Rayonumuzun 7 kəndi -Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri düşmən işğalındadır. Bu işğal dövründə şəhid, əlil və itkin düşənlərimiz olmuşdur. Biz əminik və inanırıq ki, bədnam qonşularımız nə qədər sülh prosesinə əngəl törətsələr də nəhayət ki, hörmətli Prezidentimiz İlham Əliyevin səyi ilə öz torpaqlarımıza qayıdacağıq. Üçrəngli bayrağımızın dalğalandığı kəndimizdə öz inzibati binamızda fəaliyyət göstərəcəyik.
Sonra məruzə ətrafında çıxış edən Barxudarlı kənd sakini Əminə Abdullayeva, Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov, Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının müdiri Şəfiqə Mustafayeva və başqaları çıxış edərək onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. Qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağarın quraşdırılması, oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir. Çıxış edənlər vurğulayıblar ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Hesabat yığıncağında sakinləri narahat edən qayğılar da dinlənilib. Sakinlərin qəsəbəyə əlavə marşrut xəttinin ayrılması ilə bağlı istəklərini dinləyən müavin G.Həsənova qaldırılan məsələyə baxılacağını bildirib.

Keçidlər