Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bağçalarda yeni yaradılan valideyn komitələrinin üzvləri ilə görüşüb

24 dekabr 2019 | 16:00

Son illər Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti hər kəsə yaxşı məlumdur. Bunu dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsindən, uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin yaradılmasından, hər bir sahədə geniş vüsət almış quruculuq işlərinin belə uşaqların təhsili və intellektual inkişafı istiqamətinə yönəldilməsindən aydın şəkildə görmək olar. Gələcəyimiz olan uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri, ən əsası da uşaqların hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları üçün zəruri şəraitin yaradılması bir daha onu göstərir ki, müstəqil Azərbaycanda uşaqlarla bağlı sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsi onu söyləməyə əsas verir ki, bu diqqət və qayğı davamlıdır. Qayğının  bariz nümunəsi isə son illər respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı çoxsaylı Sərəncamların imzalanmasıdır.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani göstəricisi isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Təqdirəlayiq hal isə odur ki, Qazaxda bağça tikintisi ilə yanaşı, uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi həssaslıqla yanaşılır.
Bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə rayonda fəaliyyət göstərən bağçalarda yeni yaradılan valideyn komitələri də uşaqlara olan diqqətinin bariz nümunəsidir.
Bu gün rayon rəhbəri İcra Hakimiyyətində yeni yaradılan həmin valideyn komitələrinin sədrləri və üzvləri, eləcə də bağça müdirləri, təsərrüfat müdirləri ilə görüşüb.
Tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edən icra başçısı onlara gələcək işlərində və ailələrində uğurlar arzulayıb. Bugünkü görüşün, ən əsası da valideyn komitələrinin yaradılmasının məqsəd və əhəmiyyətindən danışan rayon rəhbəri körpə balalarla bağlı bu addımın atılmasını yüksək qiymətləndirib.
İcra başçısı son 3 ildə istər şəhərdə, istərsə də kəndlərdə bağçalarda yaradılan şəraitdən, uşaqlara göstərilən diqqət və qayğıdan, onların keyfiyyətli ərzaq təminatından da söz açıb. Qeyd edib ki, valideyn komitələrinin yaradılmasında da əsas məqsəd valideynlərə bağçalardakı mövcud vəziyyətlə yaxından tanış olmaq, ərzaq məhsullarının alınması zamanı yaxından iştirak etmək, eləcə də övladlarının nahar zamanı hansı ərzaq məhsulları ilə qidalandıqlarını öz gözləri ilə görmək imkanı yaratmaqdır. Həmçinin valideynləri narahat edən məsələləri öyrənmək və həlli istiqamətində əməli işlər görmək, onların maraqlı təkliflərini dəyərləndirmək imkanı qazanmaqdır. Valideyn komitələrinin işinə uğurlar arzulayan rayon rəhbəri gələcəyimizin təminatçısı olan uşaqlarla bağlı atılan bu uğurlu addımı bir daha yüksək qiymətləndirib və öz bəhrəsini verəcəyini bildirib.
3 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mstafayeva və 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova bu təşəbbüsün vaildeynlər tərəfindən də maraqla qarşılandığını söyləyiblər. Valideynlərin bu cür təşəbbüsün irəli sürülməsinə görə razılıq etdiklərini bildiriblər.
3 saylı körpələr evi-uşaq bağçasında valideyn komitəsinin sədri Natavan Hüseynova, 6 saylı körpələr evi-uşaq bağçasında valideyn komitəsinin sədri Fazilə Bayramova, komitənin üzvü Arzu Məmmədova, 1 saylı körpələr evi-uşaq bağçasında valideyn komitəsinin üzvləri Aynurə Teymurova və Vəfa Musayeva, 5 saylı körpələr evi-uşaq bağçasında valideyn komitəsinin üzvü Nərminə Cəlilova, 4 saylı körpələr evi-uşaq bağçasında valideyn komitəsinin sədri Gülnar Abdullazadə və başqaları çıxış edərək ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya bütün valideynlər adından minnətdarlıqlarını bildiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Valideyn komitəsinin yaradılmasını da həmin qayğının daha bir nümunəsi kimi qeyd ediblər. Valideynlərlə bağça kollektivləri arasında sağlam əlaqələrin qurulmasında, valideynlər arasında səmimi münasibətlərin yaranmasında, uşaqlarının bağçadakı bir günü ilə tanış olmaq imkanının qazanılmasında bu təşəbbüsün olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Valideyn komitələrinin yaradılmasına görə icra başçısına bir daha sonsuz təşəkkürlərini ifadə ediblər.
Səmimi söhbət əsasında keçən görüşdə valideynlər tərəfindən səslənən təkliflər də maraqla qarşılanıb və rayon rəhbəri hər bir təklifə həssaslıqla yanaşılacağını bildirib.
Görüşə yekun vuran icra başçısı ölkə rəhbərinin uşaqlarla bağlı siyasətinin Qazaxda bundan sonra da yüksək səviyyədə icra olunacağını qeyd edib.

Keçidlər