Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub

11 dekabr 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, son 15 ildə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə olan yüksək diqqət və qayğısı təkcə paytaxt Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Xüsusilə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında yeni-yeni təhsil ocaqlarının, çoxsaylı məktəblərin inşa olunması, yaxud da əsaslı şəkildə yenidən qurulması kimi bəndlərin öz əksini tapması bu sahəyə olan qayğıdan, təhsil sahəsinin hər zaman prioritet sahə olmasından xəbər verir.
Sevindirici haldır ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış növbəti 5 il üçün nəzərdə tutulan tədbirlər planına Qazax rayonu üzrə də təmirə ehtiyacı olan 11 məktəb salınıb. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan yüksək diqqət və qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir. Eyni zamanda bu sahədə həyata keçirilən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması da həm Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğıdır. Artıq 5 aydır ki, böyük bir tikinti meydançasına bənzəyən məktəbdə əsaslı tikinti işləri ilk gündən sürətlə davam etdirilir və işlərin xeyli hissəsi arxada qalıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub, tikintinin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə yekunlaşan işlər barədə məlumat verilərək bildirilib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq, astar-üzlük və alçipan vurulması işləri tam yekunlaşıb. Həmçinin hər üç mərtəbədə pəncərələrin qoyulması və şüşələrin salınması, otaqlarda döşəməyə beton tökülməsi işi tam yekunlaşıb. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) bitib.
Akt zalı, yeməkxana və idman zalında da eyni işlərin aparıldığı və sürətlə davam etdirildiyi bildirilib. Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxananın da tikildiyi və son tamamlanma işlərinin aparıldığı qeyd edilib. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşasının da uğurla həyata keçirildiyi, artıq zalda suvaq və dam örtüyünün vurulması üçün alt hissənin hazırlıq işlərinin görüldüyü vurğulanıb. Həmçinin binanın xarici fasadında suvaq işinin sürətlə davam etdirildiyi, oyun meydançasında isə ərazinin düzləşdirilməsi işinin, eyni zamanda əlavə olaraq 6 ədəd ayaqyolu (3 oğlan, 3 qız) və 2 ədəd hamam inşa olunduğu diqqətə çatdırılıb.
Sonra rayon rəhbəri təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən və tam hazır olan yardımçı binaya da baxış keçirib. Sinif otaqlarında dərs alan şagirdlərlə görüşüb. İcra başçısına məlumat verilib ki, birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.

Keçidlər