Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb

14 noyabr 2019 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, son illər böyük bir tikinti meydançasını xatırladan Qazaxda görülən işlərin arasında məktəb tikintisinə də üstünlük verilir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin təmirinin əksini tapması da bu sahədə həyata keçirilən işlərin uğurla davam etdirilməsi deməkdir. Heydər Əliyev Fondu tərəfindən 5 aydır ki, əsaslı tikintisi sürətlə davam etdirilən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi də bunun əyani sübutudur. Bu, həm Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə tam yekunlaşan işlər barədə məlumat verilib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq və astar üzlük vurulması işi tam yekunlaşıb. 2-ci və 3-cü mərtəbələrdə alçipan vurulması işi də başa çatıb. Pəncərələrin qoyulması və məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) bitib.
Qeyd edilib ki, hazırda binanın xarici fasadında suvaq vurulması işinin xeyli hissəsi yerinə yetirilib. Oyun meydançasında isə ərazinin düzləşdirilməsi işləri görülür. Akt zalı, yeməkxana və idman zalında da işlər eyni templə davam etdirilir. Bundan əlavə, məktəb binasının arxa hissəsində iki ədəd həcmi 163 kubmetr olan yanğından mühafizə, bir ədəd həcmi 100 kubmetr olan içməli su hovuzu, nasosxana, qazanxana üçün özül hissə tökülüb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyi nəzərə alınaraq məktəbin həyətində arxa hissədə əlavə güləş məktəbinin inşası uğurla həyata keçirilir. Belə ki, qazanxana ilə yanaşı güləş məktəbində də hörgü işlərinə başlanılıb.

Keçidlər