Şriftin ölçüsü :

Saytın rəngi :

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük təntənə ilə qeyd edib

08 noyabr 2019 | 16:00

Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Məhz bu səbəbdən 9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirilir.
Bu gün şəhid Qaratel Hacımahmudovanın adını daşıyan şəhər ümumi orta məktəbin kollektivi də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və coşqu ilə qeyd edib.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, məktəb direktorları, məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Hər bir millətin bayrağının onun milli kimliyini, dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını, ideologiyasını ifadə etdiyini qeyd edən rayon rəhbəri ölkəmizdə bayrağa olan hörmət və ehtiramın hər zaman yüksək səviyyədə olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən bayrağa verilən qiymətin, dəyərin hər zaman şahidi olduğumuzu diqqətə çatdırıb. Rayon rəhbəri dövlət başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin, o cümlədən də ölkəmizdə təhsilin inkişafı, körpə fidanların daha yaxşı şəraitdə təhsil almaları üçün gördükləri işlərdən də söz açıb. Təhsilə olan diqqət və qayğının bariz nümunəsi kimi respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunmasını, əsaslı şəkildə yenidən qurulmasını göstərib. Qazaxda Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin tikintisini təhsil sahəsinə olan diqqətin daha bir əyani sübutu kimi qiymətləndirib. Sonda bir daha təbriklərini çatdıran icra başçısı üçrəngli Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında qalan 7 kəndində - Bağanıs Ayrımda, Barxudarlıda, Xeyrımlıda, Sofuluda, Aşağı Əskiparada, Yuxarı Əskiparada dalğalanmasını arzulayıb.
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Dövlət bayrağının keçdiyi şanlı tarixi yoldan danışan məktəb direktoru Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında Fətəli xan Xoyski tərəfindən qəbul edildiyini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirib. Həmin bayrağın 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildiyini qeyd edib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdiyini, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 1998-ci ildə Ulu Öndər tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Dövlət Bayrağımızın layiqincə təmsil olunması, bütün dünyada tanınması üçün məqsədyönlü işlər görür. Ölkə  başçısının rəhbərliyi ilə 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Bundan əlavə, Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Bu Sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut edir.
Sonra məktəblilər milli suverenliyimizin simvolu olan üçrəngli bayrağa həsr olunmuş şeirlər səsləndirib, mahnılar oxuyublar.

Keçidlər