Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir geyim mağazası istifadəyə verilib

23 iyun 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Dövlət başçısının ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, verdiyi tapşırıq və tövsiyələr respublikamızın bütün bölgələrində ən əsas şərtlərdən biri kimi götürülür. Son 15 ildə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər, dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində atılan uğurlu addımlar nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusilə də sahibkarlığın inkişafı təmin edilib. Bunun təməlində isə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti, düzgün qərarları dayanır. Məhz sahibkarlıq sektorunda ulu öndərin əsasını qoyduğu, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayı artır, böyük sahibkarlığa uğurlu addımın təməli qoyulur.
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan münbit şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektləri, kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələr, istifadəyə verilən dükanlar, mağazalar, marketlər, otellər və s. söyləməyə əsas verir. 
Bu gün Qazaxda daha bir sahibkarlıq obyektinin – “LC Wakamono” geyim mağazasının  açılış mərasimi olub.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, mağazanın işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, rayon sakinləri iştrak ediblər.
Tədbirin aparıcısı Akif Əmirov mağazanın açılışı münasibətilə ürək sözlərini çatdırıb və təbrik üçün sözü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova verib.
İcra başçısı çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.
Qazaxda bütün sahələrdə olduğu kimi, son 3 ildə sahibkarlıq sahəsində də uğurlu göstəricilərin əldə edildiyini qeyd edib. Buna rayonda fəaliyyətə başlayan sahibkarlıq obyektlərini misal göstərib və bu cür obyektlərin sayının ildən-ilə daha da artdığını vurğulayıb. Rayon rəhbəri sahibkarlığın sürətlə inkişaf etməsində sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsini, dövlət-sahibkar münasibətlərinin düzgün təməl üzərində qurulmasını əsas şərtlərdən biri kimi qeyd edib.
İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda sahibkarlığın inkişafı istiqamətində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyən icra başçısı rayonda hər bir sahibkar üçün geniş imkanlar yaradıldığını bildirib. Rayon rəhbəri şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən və öz görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin, yeni iş yerlərinin açılması istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisi kimi dəyərləndirib.
Tədbirdə iştirak edən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “Coğaz” MMC-nin rəhbəri Azər Mərdalıyev çıxış edərək yeni istifadəyə verilən mağazanın sahibini və əməkdaşlarını təbrik edərək öz fəaliyyətlərini daha da genişləndirmələrini arzu ediblər. Ölkədə sahibkarlara geniş imkanlar yaratdığı üçün dövlət başçısı İlham Əliyevə, bu qayğını Qazaxda olduğu kimi həyata keçirdiyinə görə rayon rəhbərinə sahibkarlar adından minnətdarlıqlarını bildiriblər. Son günlər ölkə rəhbərinin əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı sərəncamları sahibkarlar olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Bu cür artımların əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, alıcılıq qabiliyyətlərinin artmasına və nəticədə bu cür sahibkarlıq obyektlərinin açılmasına öz müsbət təsirini göstərdiyini vurğulayıblar.
“LC Wakamono” mağazasının sahibi Cahandar Həsənov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir.
C.Həsənov mağaza barədə məlumat verərək bildirib ki, “LC Wakamono” geyim mağazasını rayon ərazisində açmaqla sakinlərimizə xidmət göstərmək, bundan əlavə, rayonda yeni iş yerlərinin açılmasında dəstək olmaqdır. İlkin olaraq 5 nəfər işçinin çalışdığını qeyd edib və mağazanın kollektivi olaraq müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərmək üçün var qüvvələri ilə çalışacaqlarını bildirib.
Mağaza sahibi sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb. Bu gün açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.
İştirakçılara məlumat verilib ki, 1 mərtəbədən ibarət olan mağazada kişi və qadın, eləcə də uşaq geyimlərinin satışı təşkil olunub.

Keçidlər