Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Əskipara kənd tam orta məktəbində “Son zəng” qeyd olunub

14 iyun 2019 | 16:00

2018/2019-cu tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 702 nəfər XI sinfi bitirərək məzun olub. Respublikamızın hər yerində olduğu kimi, Qazax məktəblərində də “Son zəng” tədbirləri təşkil olunub.
İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə isə həm sevincli, həm də kədərli anlar yaşanıb. Məzun adını qazanan onbirincilər seviniblər ona görə ki, təhsil aldıqları məktəbi bitirib, yeni bir həyata qədəm qoyublar. Kədərləniblər ona görə ki, bu gün Aşağı Əskipara kəndinin işğalından 27 il ötür. Bəli, məktəblilər 14 iyun tarixini həm də Aşağı Əskiparanın işğal günü kimi qeyd ediblər.
Məcburi köçkünlər üçün salınımış yeni qəsəbədə yerləşən Aşağı əskipara kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirak edərək həm kəndin işğal gününü qeyd edib, həm də məzunlara təbriklərini çatdırıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Yaşar Əliyev çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. Məktəb direktoru qeyd edib ki, bu gün biz “Son zəng” lə yanaşı, həm də kəndimizin işğal gününü qeyd edirik. Bu gün Aşağı Əskiparasız günlərdən 27 il ötməsinə baxmayaraq biz sakinlər hər zaman o ağrı-acı dolu günləri xatırlayır və heç vaxt unutmuruq. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tezliklə işğalda olan torpaqlarımızın, o cümlədən də Aşağı Əskipara kəndinin azad ediləcəyini və belə tədbirlərin orada qeyd olunacağını bildirib. O günün uzaqda olmadığını söyləyib.
Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin, həmçinin Aşağı Əskipara kəndindən olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, valideyn və müəllimlərə səmimi arzularını bildirib. Respublika təhsilinə, o cümlədən Qazax rayonunun təhsilinə Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, təhsilimizin uğurlarından və qarşıda duran vəzifələrdən söz açıb.
Aşağı Əskipara kəndinin işğalından söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, məqsədyönlü, müdrik siyasəti sayəsində düşmən tapdağında olan rayonlarımızın, eləcə də Qazaxın işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara
kəndlərinin azad ediləcəyini qeyd edib. Rayon rəhbəri bildirib ki, 2016-cı ilin Aprel döyüşləri bunu söyləməyə əsas verir. Çünki həmin döyüş düşmənə, həmçinin bütün dünyaya sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Hər an öz torpaqlarını işğaldan azad etməyə qadir olan mərd və igid oğulları var.  İcra başçısı bildirib ki, bu gün 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək məzunları təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Aşağı Əskiparanın işğal günü ilə bağlı ürək sözlərini çatdıraraq növbəti “Son zəng”in Aşağı Əskipara kəndində keçirilməsini arzu ediblər.
“Son zəng” münasibətilə təşkil olunmuş tədbirdə məktəbin təqaüdə çıxan ibtidai sinif müəllimi Dilarə Alıyeva da təbrik olunub. Məktəblilərin üzərində böyük əməyi olan Dilarə müəlliməyə məktəb kollektivi adından hədiyyə təqdim edilib.
Daha sonra söz məktəblilərə verilib. İstər onbirincilərin, istərsə də onlardan estafeti alan birincilərin bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb.
Məktəbin direktoru Yaşar Əliyev sonda bir daha Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təbrikə gəldiyi üçün məktəb kollektivi adından öz dərin minnətdarlığını bildirib.

Keçidlər