Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında VII açıq rayon turniri keçirilib

10 may 2019 | 16:00

Bu gün Qazax rayon Gənclər və İdman İdarəsi və “Göyəzən” MMC-nin birgə təşkilatçılığı, “Turanbank” ASC-nin maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst güləş üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında VII açıq rayon turniri keçirilib. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirə şəhər və rayon olmaqla 12 komanda qatılıb. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Ağdam, Bərdə, Goranboy Qəbələ, Sumqayıt şəhər və rayon klublarının ümumilikdə 230-dan çox yeniyetmə idmançısı öz məharətlərini göstərmək imkanına malik olublar.
Turnir başlamazdan əvvəl təşkilat nümayəndələri və idmançılar ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstəsi düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Qazax Olimpiya İdman Kompleksində turnirin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Gulaya Həsənova, icra aparatının məsul işçiləri, "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, “Turanbank” ASC-nin nümayəndələri, veteran idmançılar və gənclər iştirak ediblər.
Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini sahib Namazov turniri açıq elan etdikdən sonra idmançılar yarış meydanına daxil olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək idmançıları və turnirin təşkilatçılarını rayon rəhbərliyinin adından salamlayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə idman sahəsinə, idmançılara daim xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Azərbaycanda idman sahəsinin ən yüksək səviyyədə inkişaf etməsi üçün uğurlu idman siyasətinin əsasını qoyduğunu diqqətə çatdırıb. Bu gün həmin siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən olduğu kimi icra edildiyini bildirib. Bugünkü yarışın məqsəd və əhəmiyyətindən söz açan birinci müavin turnirdə mübarizə aparacaq idmançılara uğurlar arzulayıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək idmançıları salamlayıb və uğurlar arzu edib. Ölkə idmanının, xüsusilə də sərbəst güləş idman növünün inkişaf etdirilməsi məqsədilə bu cür turnirlərin təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb. Qazaxın tarixən güləş məktəbinin beşiyi sayıldığını, ölkənin idman sahəsində qazanılan uğurlarında qazaxlı güləşçilərin böyük pay sahibi olduqlarını qeyd edib. Bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinin böyük rolu olduğunu bildirib. Bu gün həmin siyasəti layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə idmanının, o cümlədən də sərbəst güləşin gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Son 15 ildə Azərbaycanda idman sahəsində qazanılan uğur və nailiyyətlərdən söz açan dünya şöhrətli idmançı belə qələbələrin, medal və kubokların, diplomların sayının bundan sonra da artacağını vurğulayıb. Gənclərin sağlam əqidədə və mühitdə yetişməsi üçün bu cür turnirlərin təşkil edilməsinin böyük əhəmiyyəti olduğunu bildirib.
“Turanbank” ASC-nin audit komissiyasının sədri Məhəmməd Kələşov çıxış edərək öz növbəsində idmançılara uğurlar arzulayıb və bu cür turnirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını bildirib. Qeyd edib ki, bankın dəstəyi ilə keçirilən turnirin əsas məqsədi ölkəmizdə sərbəst güləş idman növünü inkişaf etdirmək, populyarlaşdırmaq, yeniyetmələrin idmana həvəsini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdır.
Veteran idmançılardan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev çıxış edərək ölkə idmanının inkişaf etdirilməsi istiqamətində görülən işləri, həyata keçirilən layihələri veteran idmançılar kimi yüksək qiymətləndirdiklərini vurğulayıblar. Sərbəst güləşin Azərbaycanın bütün bölgələrində geniş şəkildə yayılması, yeniyetmələrdə bu idman növünə olan marağın artırılması üçün bu cür turnirlərin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.                   
Rəsmi hissə başa çatdıqdan sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri medallar, diplomlar və tutduqları yerlərə görə müvafiq pul mükafatı ilə təltif olunublar.

.

Keçidlər