Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

07 may 2019 | 16:00

Aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, bağça müdirləri, sahibkarlar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını və gələn qonaqları salamlayaraq hesabat yığıncağını açıq elan edib. Bütün tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.
Hesabat yığıncağını protokollaşdırmaq məqsədilə katiblər seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, istər illik, istər rüblük hesabatların keçirilməsi bir məqsəd daşıyır ki, onun da kökündə vətəndaş amili dayanır. Siz sakinlərin qaldırdığınız məsələləri öyrənmək, qarşıda duran vəzifələr kimi həlli istiqamətində mühüm işlər görməkdir. Keçirilən bütün hesabat yığıncaqlarında idarə, müəssisə və təşkilat rəhbərlərinə vətəndaşlara göstərilən diqqət və qayğıda, göstərdikləri xidmətlərdə nümunəvi olmalarını, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılmasını çatdırmaqdır. Bu istiqamətdə tapşırıq və tövsiyələr verməkdir.  
Sonra rayon rəhbəri geniş məruzə ilə çıxış edərək ölkə başçısının cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirməsindən, qarşıda duran vəzifələrdən danışmasından söz açıb.
İcra başçısı qeyd edib ki, bildiyiniz kimi, 2019-cu il aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı öz çıxışında ötən il keçirilmiş prezident seçkiləri ərəfəsində  aparılacaq islahatların anonsunu verərək islahatların yeni mərhələsinə qədəm qoyulacağını, islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılacağını qeyd etmişdir. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Dövlət başçısının Prezident seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu. Bu fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Artıq vəsaitin verilməsi prosesi başlamışdır. Deyə bilərik ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsindən, 50 milyon manatdan artıq hissəsi isə gömrük sahəsindən daxil olmuşdur. Bu iqtisadi göstəricilər islahatların bariz nümunəsidir. Bildiyimiz kimi, son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Minimum əmək haqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Bu ilin yanvar ayında “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı” qəbul edilmişdir. Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcəkdir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli fərmanından geniş şəkildə söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.
2019-cu ilin birinci rübünün rayonumuz üçün də uğurlu olduğunu qeyd edən R.Babaşov aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Daha sonra məruzə ətrafında çıxışlar olub. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Qazax Telekommunikasiya Qovşağının rəisi əvəzi Rafiq Rzayev, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə, mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Hesabat yığıncağında iştirak edən ağsaqqallardan – Kosalar kənd sakini Mikayıl Şəmmədov, Orta Salahlı kənd sakini Nəbi Balacanov, Kəmərli kənd sakini Rəhim Rəhimov, Məzəm kənd sakini, şəhid anası Tamella Süleymanova çıxış edərək Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırıblar. Dövlət başçısının siyasətini Qazaxda olduğu kimi icra etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova razılıqlarını ifadə ediblər. Çıxış edənlər qeyd ediblər ki, bu gün nəinki ölkəmiz, eləcə də bütün bölgələrimiz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edir. Və biz sakinlər bu inkişafı Qazax rayonunun timsalında aydın şəkildə görürük. Son 3 ildə kəndlərə asfalt yolların çəkilməsi, yeni-yeni məktəb binalarının inşa olunması, bağçaların tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, rayonun əksər kəndlərində uzun illərdən bəri mövcud olan su probleminin köklü şəkildə öz həllini tapması, bir sözlə, abadlıq və quruculuq işlərinin geniş şəkildə vüsət alması bu dediklərimizin əyani sübutudur. Bundan başqa, təhsil, səhiyyə, mədəniyyət, səhiyyə, idman, eləcə də digər sahələr üzrə əldə olunan uğur və nailiyyətlər müstəqil Azərbaycanımızın bundan sonra da çiçəklənməsindən, qüdrətlənməsindən xəbər verir. Bu işlərin əsasını isə ölkə başçısının gərgin əməyi və xalqına olan sonsuz sevgisi, diqqət və qayğısı təşkil edir. Ölkə başçısının çıxışlarında söylədiyi kimi, doğrudan da o, hər bir ölkə vətəndaşının prezidentidir. Bunu son aylar atdığı uğurlu addımlarla, həyata keçirdiyi məqsədyönlü işlərlə, uğurla icra edilən layihələrlə, imzalanan sərəncam və fərmanlarla bir daha sübut etdi. Hər gün bir yeniliyin şahidi olan biz sakinlər bir daha əmin olduq ki, arxamızda güclü dövlət və onu layiqincə idarə etməyi bacaran ölkə rəhbərimiz var. Səmimi ürək sözlərini çatdıran sakinlər bütün bu işlərə görə sonda bir daha Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti, xüsusilə də ağsaqqallar adından dərin minnətdarlıqlarını bildiriblər. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək yığıncaq iştirakçılarını salamlayıb, müəqəddəs Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, icra başçısının geniş və əhatəli məruzəsini dinləyərkən bir daha əmin olduq ki, birinci rübdə Qazaxda böyük işlər görülüb. Əlalxüsus da bu işlərin görülməsində Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, onun komandasının, eyni zamanda, dövlət orqanları rəhbərlərinin bu işdə ona dəstək olması, mövcud vəziyyətdə şəraitə uyğun olaraq həyata keçirilən bu işlərin ölkə timsalında yüksək göstəricilərlə göstərilməsi çox təqdirəlayiq bir haldır. Administrasiya nümayəndəsi bildirib ki, ölkə başçısının həyata keçirdiyi siyasət hər kəsin gözü qarşısındadır və bu siyasəti hər birimiz öz gündəlik həyatımızda, məişətimizdə hiss edirik, yaşayırıq. Eyni zamanda, hamımız bu həyata keçirilən siyasətlə fəxr edirik. Vurğulayıb ki, bu gün cənab Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda inkişaf ən yüksək səviyyədə təmin olunub. Rayon rəhbəri də çıxışında qeyd etdiyi kimi, Azərbaycan kimi inkişaf edən ikinci bir belə dövlət yoxdur. İqtisadi göstəriciləri ən yüksək səviyyədədir. 2018-ci ilin yekunlarına dair hesabat yığıncağında səsləndirdiyimiz fikirlər, rəqəmlər bunun sübutu idi. Bildirib ki, bu ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair həsr olunmuş iclasda ölkə rəhbərinin səsləndirdiyi fikirlərə diqqət yetirsək ölkədəki iqtisadi inkişafı aydın şəkildə görmək olar. Ölkədəki iqtisadi artımlar barədə məlumat verən O.Mürsəlov qeyd edib ki, birinci rübdə ümumi daxili məhsulda 3 %, sənaye istehsalında 4,4 %, qeyri-neft sektorunda sənaye istehsalında 15,6 %, kənd təsərrüfatında 2,6 %, əhainin gəlirlərində 5,5 % artım olmuşdur. Həmçinin, valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artmış, infilyasiya 2,1 % civarında çox aşağı səviyyədə olmuşdur. Məhz görülən işlər, atılan addımlar, sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması üçün imzalanan fərman və sərəncamlar bizə imkan vermişdir ki, birinci rübümüzü çox yüksək nailiyyətlərlə başa vuraq. Təbii ki, görülmüş islahatlar nəticəsində 2019-cu ilin I rübündə büdcə daxilolmaları əhəmiyyətli dərəcədə artmış, 200 milyon civarında bizlərə vergi və gömrükdən daxilolmalar olmuşdur. Çox təqdirəlayiq haldır ki, 150 milyon vergi daxilolmalarının məhz 136 milyon hissəsini qeyri-neft sektorunun təşkil etməsi artıq ölkəmzidə islahatların öz nəticəsini verməsi kimi qiymətləndirilməlidir. Bu gün ölkəmizdə sahibkarlıq çox yüksək səviyyədə inkişaf edir. Artıq ölkəmizə sərmayə yatırımları get-gedə artmaqdadır. Məhz birinci rübdə ölkəmizə yatırılan sərmayənin miqdarı 2,8 milyarddır və bu məbləğin 2 milyardı yenə də qeyri-neft sektorunun payına düşür. Həmçinin, sahibkarlar üçün son 15 ildə Azərbaycanda verilən güzəştli kreditlərin məbləği 2 milyard civarındadır. Yalnız bu il sahibkarlar üçün verilməsi nəzərdə tutulan kreditlərin məbləği 170 milyon təşkil edir və həmin məbləğin dəyişmə, artma ehtimalı çox güman ki, ölkə rəhbərinin diqqət mərkəzindədir. Administrasiya nümayəndəsi ölkə rəhbərinin Pekində “Bir kəmər, bir yol” layihəsi ilə bağlı təşkil edilən ikinci beynəlxalq əməkdaşlıq forumundakı iştirakından da söz açıb. Bu forumun çox böyük əhəmiyyət daşıdığını, “Bir kəmər, bir yol” layihəsinin dünyanın ən böyük investisiya layihəsi hesab olunduğunu diqqətə çatdırıb. Azərbaycanın bu forumda iştirak etməsini, dünya ölkələri və liderləri arasında Azərbaycanın adının çəkilməsini, xüsusilə də ölkə başçısının çıxışını qürurverici hal kimi dəyərləndirib.
Bu gün həyata keçirilən işlər arasında həmçinin əhalinin sağlamlığının qorunması istiqamətində atılan uğurlu addımlardan, ölkəmizdə əhalinin icbari tibbi sığortasının pilot layihə olaraq tətbiqindən danışan O.Mürsəlov bu layihənin çox gözəl nəticələr verdiyini bildirib. Eyni zamanda, ölkədə icbari tibbi sığorta sahəsində görülən işlərin 2020-ci ilin sonlarına kimi yekunlaşacağını diqqətə çatdırıb. Səhiyyə müəssisələri sahəsində görülən işlərdən söz açan administrasiya nümayəndəsi bu illər ərzində ölkəmzidə 640 səhiyyə müəssisəsinin ya tikilərək, ya da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini qeyd edib. Bu il 10 səhiyyə müəssisəsindən birinin Qazaxda inşa olunduğunu, 5 korpusun tam hazır olmasını və qalan 5 korpusun da inşasının davam etdirilməsini vurğulayıb. Bildirib ki, bu təbii ki, Qazaxa və qazaxlılara ölkə rəhbəri tərəfindən verilən ən böyük qiymətin bariz nümunəsidir.
O.Mürsəlov təhsil sahəsindəki uğurlardan, məktəb tikintisindən də söz açıb. Ölkəmizdə 5000-ə yaxın məktəb fondunun olduğunu və həmin fondun 3200 ədədinin əsaslı təmir edildiyini və ya yenidən tikildiyini qeyd edib. Bu il də təxminən 100 ədəd məktəb binasının təmirinin və ya tikintisinin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, təhsildə davamiyyətin artırılması, təhsildə daha yüksək göstəricilərin əldə olunması üçün ölkə rəhbəri İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim xüsusi addımlar atıldığını söyləyib.
Ölkəmizdə aparılan islahatları, əldə olunan uğurlu göstəriciləri qısa da olsa diqqətə çatdıran aministrasiya nümayəndəsi dövlət başçısının bölgələrimizə, o cümlədən də Qazaxa olan qayğısından da danışıb. Qeyd edib ki, bu qayğının nəticəsidir ki, dünyanın 43 ölkəsinin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri Qazax və Tovuz rayonlarına səfər etdilər. Ən əsası da hər iki rayonun sərhəd kəndlərində - Qazaxın Məzəm, Tovuzun isə Əlibəyli kəndlərində oldular. Sakinlərlə söhbət apardılar. Bu hadisə bizim üçün qürurverici bir hadisə oldu. Ona görə ki, həmin səfirlər ölkəmizdəki, bölgələrimizdəki sosial-iqtisadi inkişafla yanaşı, sərhəddə yaşayan sakinlərimizin necə qəhrəman olduqlarının şahidi oldular.
Ölkə başçısı İlham Əliyev çıxışları zamanı hər zaman vurğulayır ki, Azərbaycan heç kəsdən asılı olmayan bir ölkədir. Azərbaycanda yürüdülən dövlət siyasəti milli maraqlara söykənən siyasətdir. Bu gün Azərbaycanda dövlətlə xalq arasında sıx və səmimi münasibət, ən əsası da böyük inam hissi var. Bu gün Azərbaycan dövlətini bizlərə miras qoyan ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və daimidir. Bu daimiliyi isə bizlərə ölkə başçısı cənab İlham Əliyev və onun ailə üzvləri bəxş edir.
Çıxışının sonunda Qazaxda görülən işlərin digər bölgələr üçün bir örnək olduğunu qeyd edən administrasiya nümayəndəsi rayonda qazanılan uğurların bundan sonra da davamlı olmasını bildirib və bu yolda rayon rəhbərliyinə uğurlar arzulayıb.
Sonda iclasın qərar layihəsi oxunub. Layihədə əksini tapan hər bir məsələ ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib. Bildirib ki, necə ki, bu günə kimi bütün işlərimizi dövlət başçısının istəyinə əsasən qurmuşuq, bu, bundan sonra da belə olmalıdır. Hər bir dövlət məmuru, xüsusilə də xidmət sahələrində çalışan məmurlar  bilməlidir ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən vətəndaşlara sözdə deyil, əməldə xidmət göstərməlidirlər.
Rayon rəhbəri çıxışının sonunda Ramazan bayramı münasibətilə başda ölkə başçısı İlham Əliyev və ailə üzvləri olmaqla, bütün Azərbaycan xalqını, rayon sakinlərini, tədbir iştirakçılarını bir daha təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd: Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi tam variantda dərc olunacaqdır.

 

Keçidlər