Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxda olublar

30 aprel 2019 | 16:00

Bu gün, aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları ölkəmizin Qərb qapısı sayılan Qazaxda qonaq olublar.

Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə  təşkil edilən səfərin məqsədi ölkəmizin regionlarının inkişafını və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələri göstərmək, habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır.

40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar səfər çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində yerləşən "Damcılı” mağarası, Qazax sement zavodu, sərhəddə yerləşən Məzəm kəndində, şəhərin mərkəzində şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı, Qazax müəllimlər seminariyası, tarixi Cümə Məscidi, Ədəbiyyat Muzeyi və Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin fövqəladə və səlahiyyətli səfiri, qrupun rəhbəri Pərvin Mirzəzadə müşayiət edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri qonaqları salamlayıb, missiya iştirakçılarına xoş səfər təəssüratları arzulayıblar.

"Avey” ailəvi istirahət mərkəzində nahar fasiləsindən sonra Qazax rayonu ilə tanışlığa start verilib.

Qonaqlar gəzintiyə ilk olaraq rayonun Daş Salahlı kəndində yerləşən Damcılı mağarasını ziyarətlə başlayıblar. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub. 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17x27 m-dir. Qeyd olunub ki, 2015-ci ilin yayında Yaponiyanın Tokio Unversitetinin Unversitet Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu arasında beynəlxalq memorandum imzalanmışdır. Diqqətə çatdırılıb ki, bu memorandum qoruqlar arasında ilk dəfə məhz bizim qoruqla bağlanmışdır. Yaponiyalı mütəxəssislər beş il ərzində bu ərazilərdə arxeoloji tədqiqat işləri aparacaq və bu qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri bu ərazidə açıq səma altında təşkil edilmiş muzeydə nümayiş olunacaqdır. Qonaqlara 3 dildə - rus, ingilis və Azərbaycan dillərində Damcılı mağarası haqqında məlumatları özündə əks etdirən flayerlər paylanılıb.

Daş Salahlı kəndində yerləşən Qazax sement zavodu ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb. Çay süfrəsinə qonaq nümayəndə heyətinə zavodun bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verilib. "Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov çıxış edərək bildirib ki, bu zavod 5 iyul 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib. Qeyd edib ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılıb. Bu müəssisənin inşasına 2010-cu ildə başlanılmışdır. Bildirib ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda ulu öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur. Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Vurğulayıb ki, hazırda zavodun illik istehsal gücü 1 milyon ton təşkil edir. Gələcəkdə isə istehsal gücünün artırılaraq 1 milyon 400 min tona çatdırılması nəzərdə tutulub.

"Qazax Sement Zavodu” MMC-nin İnvestisiya şöbəsinin rəisi Edward Volek çıxış edərək zavodun əməkdaşlıq etdiyi ölkələr və yeni layihələr haqqında dolğun məlumatlar çatdırıb.

"Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin üzvü Hikmət Əliyev isə çıxış edərək zavodun fəaliyyət göstərdiyi müddətdə qazanılan uğur və nailiyyətlər, mükafatlar barədə ətraflı məlumat verib.

Zavod haqqında ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə də əyani şəkildə tanış olublar. Qonaqlara zavod tərəfindən hədiyyə təqdim olunub.

Rayonumuzda qonaq olan diplomatların növbəti olduğu məkan düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndi olub. Kənd sakinləri ilə səmimi söhbət edən qonaqlara bildirilib ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq 25 ildən çoxdur ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Bu gün daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sakinlərdən Bəhruz Süleymanov və Məmməd Alıyev qonaqlarla səmimi söhbət edərək bildiriblər ki, Məzəm kəndi 1992-ci ildə düşmən tərəfindən işğal olunmasına baxmayaraq qüdrətli ordumuzun gücü sayəsində yenidən biz kənd sakinlərinə qaytarıldı. Bu gün düşmənin postu ilə aramızda 50 metr məsafə olmasına baxmayaraq biz yenə də mətin dayanmışıq. Elan olunmamış müharibə nəticəsində bu kənd də xeyli sayda şəhid verib. Düşmən gülləsinə tuş gələn kənd sakininin ən kiçiyinin yaşı 11, ən yaşlısının isə 60 yaşı olub. Bu kənd düşmən tərəfindən dağıdılsa da bu gün dövlətimiz və dövlət başçımız İlham Əliyev tərəfindən yenidən qurulub. Çıxış edənlər qeyd ediblər ki, hər an düşmən mövqelərindən atəşə məruz qalan biz kənd sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Biz sakinlərin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Görülən işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkilib. Qonaqlara məlumat veriblər ki, həmin istinad divarlarının çəkilməsi bu gün də davam etdirilir. Çıxış edən kənd sakinləri bildiriblər ki, biz inanırıq ki, ölkə başçımız İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sülh yolu ilə düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik. Əks halda biz kənd sakinləri də ordumuzla birlikdə öz ata-baba yurdumuz olan torpaqları qaytarmağa hər an hazırıq.

Sakinlərlə söhbət edən qonaqlar kənddə istinad divarı çəkilmiş, eləcə də düşmən tərəfindən zərər çəkmiş evlərə də baxıblar.

Sərhəddə yaşayan sakinlərlə görüşən nümayəndə heyəti Fəxri qazaxlılar parkında da olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli sərəncam imzalanıb. Həmin sərəncama əsasən yubiley tədbiri ilə əlaqədar hazırlıq işləri aparılır və silsilə tədbirlər keçirilir.

Sonra qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə "20 Yanvar" hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il tarixdə istifadəyə verilib. 2017-ci ildə xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub. Qeyd olunub ki, bu gün Qazax rayonunun 283 nəfər şəhidi, 7 nəfər Milli Qəhrəmanı var.

Daha sonra rayonumuzda qonaq olan diplomatlar ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasında olublar. Qonaqlara seminariya haqqında ətraflı məlumat verilərək bildirilib ki, 1918-ci ildə Gürcüstandan Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülüb və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. F.Köçərlinin xanımı Badisəba xanım Vəkilova Qazaxa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır. Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, 1910-cu ildə qırmızı kərpicdən tikilmiş öz ikimərtəbəli 17 otaqdan ibarət mülkünü təmənnasız olaraq seminariyaya versin. Beləcə, Qazax müəllimlər seminariyası bu binada yerləşir və fəaliyyətə başlayır. Seminariyada 1959-cu ilədək 3000-ə qədər kadr yetişdirilir. Həmin il seminariya fəaliyyətini dayandırır. Qeyd olunub ki, 100 yaşlı Qazax müəllimlər seminariyasının Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev və başqa yüzlərlə yetirmələri olub.

Qazax Cümə Məscidi ilə tanış olan qonaqlara bildirilib ki, Qazax Cümə məscidi 1899-cu ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır. Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırmış və yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır.

Seminariya və Cümə məscidi ilə tanış olan qonaqların ziyarət etdikləri növbəti ünvan tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyiolub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan diplomatlar burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Muzeylə yaxından tanış olan qonaqlar buradan zəngin təəssüratlarla ayrılıblar.

Qazaxda qonaq olan diplomatların sonuncu tanış olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə tanışlıq da qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan diplomatlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.

 

 

Keçidlər