Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər sakinləri ilə səyyar görüş keçirilib

25 aprel 2019 | 16:00

"Bu gün biz vətəndaşlar sevinirik ki, son illər ölkə başçısı İlham Əliyevin diqqəti, qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da hər gün bir yeniliyin, inkişafın şahidi oluruq. Son 3 ildir ki, rayonumuz ildən-ilə, aydan-aya inkişaf edir, abadlaşır”.
Bu gün Azadlıq küçəsində yerləşən 107 saylı binanın qarşısında şəhər sakinləri ilə keçirilən səyyar görüşdə bu fikirlər səslənib.
Dövlət başçısının tapşırığına əsasən hər həftə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Son illər Azərbaycanda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən rayon rəhbəri 3 il ərzində Qazaxda da xeyli sayda işlərin görüldüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu illər ərzində görülən işlərə nəzər salsaq aydın şəkildə görərik ki, rayonumuzda bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə edilib.
Rayonda təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən danışan rayon rəhbəri bu sahələrin hər il artan templə inkişaf etdiyini qeyd edib.
Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması dövlətin və dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı deməkdir. Eyni zamanda, bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsi həm də rayon sakinlərinin işlə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir. Rayon rəhbəri bu illər ərzində rayonda olan Qazax rayonlararası ruhi xəstəxanada da əsaslı təmir işlərinin aparıldığını bildirib.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb.
Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli Qazax rayonu üçün də əlamətdar hadisələrlə zəngin oldu. Sevindirici hal isə odur ki, hər iki sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsidir. İcra başçısı bu gün həmin ali sərəncama əsasən yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin getdiyini və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki, hər birinizə yaxşı məlumdur ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə nəzarət edildiyini də diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Hər kəsə yaxşı məlumdur ki, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır. Bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Yeni uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunaraq yenidən qurulur. Müasir inventar və avadanlıqlarla təmin edilir. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Şəhərdə 6 uşaq bağçası fəaliyyət göstərir ki, hər bir bağça müasir standartlara cavab verən səviyyədədir. Rayonumuza qonaq gələn insanlar belə paytaxtda yerləşən bağçalarla rayonumuzda olan bağçalar arasında heç bir fərqin olmadığını söyləyirlər. Bu gün bağçada yaradılan şəraitlə yanaşı, uşaqların sağlamlığına, ərzaq keyfiyyətinə xüsusi qayğı ilə yanaşılmasını yüksək qiymətləndirirlər. Rayon rəhbəri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də bağça tikintisinə yüksək sürətlə start verilib. Hazırda Qazaxbəyli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasında təmir işlərinin nəzərdə tutulması bu sahədə görülən işlərin bundan sonra da davam etdirilməsi deməkdir.
İcra başçısı vurğulayıb ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur. Şəhərdə bir neçə çoxmənzilli yaşayış binasında təmir işlərinin aparıldığını qeyd edən rayon rəhbəri Azadlıq küçəsində yerləşən 107 saylı binanın da digər binalar kimi yüksək səviyyədə təmir olunduğunu bildirib.
Ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. "Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcudur”, - deyən icra başçısı bu sahədə görülən işlərdən də söz açıb. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün olmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.
Sakinlərdən Gülnar Mehdiyeva, Afaq Məmmədova, Ellada Mahmudova, Mübariz Abdullayev, Elnarə Budaqova, Şölə Mustafayeva, Tamella Poladlı, Rəna Süleymanova və başqaları çıxış edərək dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə vətəndaşlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Respublikamızda, eləcə də Qazaxda və rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün rayon sakinləri, xüsusilə də ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, son illər, xüsusilə də son aylar ölkə başçısının imzaladığı fərman və sərəncamlar bir daha onu göstərdi ki, ölkə rəhbəri hər zaman vətəndaşların yanındadır. Biz vətəndaşlar bunu şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, eləcə də digər təbəqədən olan insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan aydın şəkildə gördük. Biz də siz rayon rəhbərimizlə birlikdə hər zaman prezidentimizin yanındayıq və bundan sonra da olacağıq.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, binanın həyətində işıqlanma sisteminin çəkilməsi və s. məsələ ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

 

Keçidlər