Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 17-18 tarixlərində ölkə ərazisində gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı iclas keçirilib

16 yanvar 2019 | 16:00

Bu gün Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən ölkə ərazisində gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanmış 16 yanvar 2019-cu il tarixli, 02/5-14 nömrəli məktuba əsasən iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, fövqəladə hallar komissiyasının üzvləri, Qazax RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Məmməd Alıyev bildirib ki, məktubda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən 17-18 yanvar 2019-cu il tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun ötən günlə müqayisədə 10 dərəcə aşağı düşəcəyi, sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, şimal-qərb küləyininin Abşeron yarımadasında 28-33 m/s-dək, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək yüksələcəyi, küləyin arabir bəzi rayonlarda 23-28 m/s-dək, Kür vadisi rayonlarında 33-38 m/s-dək, Xəzər dənizi akvatoriyasında 30-35 m/s-dək güclənəcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi, dalğanın hündürlüyünün 6-8 metr və daha çox olacağı gözlənilir.
M.Alıyev məktubda qeyd olunanlarla əlaqədar əhalinin gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisədən zərər görməməsi üçün bütün zəruri təxirəsalınmaz tədbirlərin görülməsi, rayonun inzibati-ərazi vahidində aidiyyəti dövlət orqanlarının bu istiqamətdə koordinasiyalı fəaliyyətini və təbii hadisənin proqnozlaşdırıldığı tarixlərdə əhalinin təhlükəsizliyinə və sağlamlığına, eləcə də dövlət və ictimai əmlakın mühafizəsinə cavabdeh qurumların gücləndirilmiş iş rejimində fəaliyyətinin təşkil edilməsi ilə bağlı əməli tədbirlər görüldüyünü bildirib.
Məsələ ilə bağlı rayon fövqəladə hallar komissiyasının tərkibində qismən dəyişiklik edilməsi barədə Qazax Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 16 yanvar 2019-cu il tarixli, 9-21/15 nömrəli Sərəncam imzalandığını bildirib.
Sərəncamda öz əksini tapan məsələlər barədə məlumat verən birinci müavin qeyd edib ki, mülki müdafiə işinin gücləndirilməsi, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmış rayon fövqəladə hallar komissiyası qeyd olunan tarixlərdə məsələnin məsuliyyətini dərk edərək bütün fövqəladə hadisələrə hazır olmalıdır.
M.Alıyev rayon ərazisində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, rayon ərazisində fövqəladə hadisələr zamanı təhlükəli ərazilərdə təxliyyə işinin təşkili, dəyə biləcək ziyan və itkinin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının qərargah elan edildiyini bildirib.
Sonra birinci müavin istər məktubda, istərsə də Sərəncamda öz əksini tapan məsələlərlə, mövcud vəziyyətlə bağlı rayon ərazisində, eləcə də kəndlərdə sakinlərin maarifləndirilməsini tapşırıb. Əhalinin yanğın təhlükəsizliyi qaydalarına xüsusilə əməl etmələri barədə məlumatlandırılmasını tövsiyə edib. Fövqəladə hal zamanı baş verə biləcək hər hansı bir hadisənin qarşısının alınması üçün rayonda olan texnikaların işlək vəziyyətdə olması, hadisə yerinə lazımi anda çatdırılmasının təşkili ilə əlaqədar göstərişlər verib. Bundan əlavə, qeyd olunan tarixlərdə növbətçilik cədvəlinin tərtib edilməsini və hər hansı hadisə baş verən zaman həmin məlumatların operativ şəkildə çatdırılmasını qeyd edib. Birinci müavin bütün məsələlərlə bağlı komissiyanın tərkibində olan aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə və digər komissiya üzvlərinə tapşırıqlar verib.

 

Keçidlər