Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir

16 yanvar 2019 | 16:00

20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu fikir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Qazaxda keçirilən silsilə anım tədbirlərində səsləndirilib.
Xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir.
Yanvar ayının 7-dən start götürən həmin tədbirlərdə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilir.
107 saylı Qazax Dairə Seçki Komissiyasında, Olimpiya İdman Kompleksində, Baytarlıq idarəsində, Meşə Mühafizəsi və Bərpası Müəssisəsində, “Qazax Avtovağzal” ASC-də keçirilən anım tədbirlərində XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğu, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyi vurğulanıb.
1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğu qeyd olunub. Bildirilib ki, xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və qanlı hadisələrə kəskin etirazını bildirib. Bu gün ulu öndərin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və daim yardımlar göstərildiyini diqqətə çatdırıblar.

Keçidlər