Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabatı olub

11 yanvar 2019 | 16:00

Bu gün növbəti hesabat yığıncağı Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı  Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilib.
Qazaxbəyli kəndində məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə keçirilən yığıncaqda 2018-ci ildə görülmüş işlərdən danışılıb, qarşıda duran vəzifələrdən söhbət açılıb.
Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, Yuxarı Əskipara kənd sakinləri iştirak ediblər.
Yığıncağın aparılması üçün sədr və katib seçildikdən, gündəlikdə duran məsələlər səsləndikdən sonra kənd icra nümayəndəsi Coşqun Musayev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlər, qazanılan uğurlar hər il olduğu kimi, 2018-ci ildə də uğurla həyata keçirilmişdir. Azərbaycan bütün istiqamətlərdə öz siyasətini daha da inam və uğurla aparmışdır. Ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan bir ölkədir.
İcra nümayəndəsi qeyd edib ki, ölkəmizdə olan dinamik inkişaf bölgələrimizdə də uğurla həyata keçirilmişdir. Bu gün bu inkişafı Qazax rayonunun simasında daha aydın şəkildə görmək olar. Son iki il yarımda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində qazanılan nailiyyətlərdən danışan icra nümayəndəsi bildirib ki, bu gün rayonumuzda elə bir sahə tapılmaz ki, orada inkişaf, tərəqqi olmasın. Təhsil, səhiyyə, idman, mədəniyyət, kənd təsərrüfatı, eləcə də digər sahələrdə əldə olunan uğurlar, həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri onu deməyə əsas verir ki, rayonumuz bundan sonra daha da inkişaf edəcəkdir.
C.Musayev qeyd edib ki, bildiyiniz kimi, Yuxarı Əskipara kəndi 1992-ci ildən məcburi köçkünlük həyatı yaşayır. Kəndimizin 7 şəhidi, 11 Qarabağ müharibəsi əlili, 2 Əfqanıstan, 38 Qarabağ müharibəsi veteranı var. Yuxarı Əskipara kənd nümayəndəliyi 1 yaşayış məntəqəsindən ibarətdir. Yuxarı Əskipara kəndi 185 təsərrüfat olmaqla 695 nəfərdən  ibarətdir. Bu əhali məcburi köçkün kimi əsasən Qazax şəhərində, rayonun ətraf kəndlərində, Ağstafa rayonunda, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşmışdır. 185 təsərrüfatdan 695 nəfərdən ibarət olan Yuxarı Əskipara kəndinin 91 ailəsi evlə təmin olunmuşdur. Onlardan 47 ailə Xanlıqlar kəndində və N.Nərimanov qəsəbəsində salınmış yaşayış massivində, 44 ailə isə Qazaxbəyli kəndində salınmış şəhərcikdə məskunlaşmışlar.
Hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə əlaqədar nümayəndəlik üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Nümayəndəliyə 3 yazılı, 3 şifahi müraciət daxil olmuşdur. Şifahi müraciətlərin və daxil olmuş ərizələrin əksəriyyəti mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahəsinin genişləndirilməsi və ayrı təsərrüfat olmaları barəsində olmuşdur. Ərizələr nümayəndəlikdə araşdırıldıqdan sonra böyük əksəriyyəti öz müsbət həllini tapmışdır. Bundan başqa, nümayəndəliyin şəhid və imkansız ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən il ərzində olan bütün bayramlarda ərzaq yardımları göstərilmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər bir məcburi köçkünə 40 manat məbləğində yemək xərci müavinəti verilir. Yuxarı Əskipara kəndi üzrə 372 sakin yemək xərci müavinəti alır.
Nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində 1 tam orta ümumtəhsil məktəbi   fəaliyyət göstərir. Həmin məktəbdə 21 müəllim 103 nəfər şagirdə təhsil verir. Bu il 6 nəfər şagird müxtəlif universitetlərə qəbul olmuşdur. Kəndimiz üzrə 2 nəfər Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. 5 nəfər müddətli hərbi qulluqçu, 6 nəfər zabit, 1 nəfər isə gizir kimi xidmət edir.
Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinə işlə əlaqədar 10 nəfər müraciət etmiş, onlardan  6 nəfər işlə təmin olunmuşdur.
Hesabat ili ərzində nümayəndəlikdə 5 uşaq dünyaya gəlmiş, 1 nigah qeydə alınmış, 8 nəfər isə vəfat etmişdir.
Hesabat ilində məcburi köçkünlər üçün Xanlıqlar kəndində və N.Nərimanov qəsəbəsində salınmış yaşayış massivində ümumilikdə 2300 metr uzunluğunda kəndarası yollara qum-çınqıl döşənərək qreyderlə hamarlanmış və sakinlərin istifadəsinə verilmişdir. Bundan əlavə, Xanlıqlar kəndində məskunlaşan məcburi köçkünlərə uzunluğu 2,2 kilometr məsafədən içməli su xətti çəkilmişdir.
Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində məskunlaşan məcburi köçkünlərlə 15, Xanlıqlar kəndində və N.Nərimanov qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə isə 2 dəfə görüşlər keçirmişdir. Rayon rəhbərliyi məcburi köçkünlərin problemləri, onların qayğıları ilə daima maraqlanmışdır.
Sonra məruzə ətrafında çıxış edən Yuxarı Əskipara kənd sakinlərindən Nizami Məmmədov, Firuddin Musayev, Ramiz Tağıyev, Nüsrəddin Hacıyev, İslam Şəmilov və başqaları çıxış edərək məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağını və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağını qeyd ediblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər müvəqqəti olaraq vaxtilə Qazax Müəllimlər Seminariyası olmuş inzibati binada yerləşən kənd məktəbinin təmir olunmasını bildiriblər.
Hesabat yığıncağında iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola saldığımız 2018-ci ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən danışan müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə yerləşən daha bir bağçanın - 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu diqqətə çatdırıb. 2018-ci ildə bağçalarda aparılan quruculuq işlərinin bu il də davam etdiriləcəyini və rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.
Kənd sakinlərinin məktəblə bağlı istəkləri ilə bağlı müavin bildirib ki, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 ili tamam olur. Bununla bağlı ölkə başçısı İlham Əliyev tərəfindən 3 noyabr 2018-ci il tarixli Sərəncam da imzalanmışdır. Yubiley tədbirinin keçirilməsi ilə bağlı lazımi tədbirlərin görülməsinin, eyni zamanda məktəb binasının da təmirinin nəzərdə tutulduğunu qeyd edib.
2018-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev 2019-cu ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.

Keçidlər