Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb

06 dekabr 2018 | 16:00

Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilini davam etdirir.
Bu gün "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidməti və  Dövlət Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılışı olub.
Açılış münasibətilə keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Sınıq Körpü” Buraxılış Məntəqəsinin, sərhəd xidmətinin əməkdaşları, Kütləvi İnformasiya Vasitələrinin nümayədələri iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək respublikamızın quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini qeyd edərək yeni bölmənin fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edib ki, fəaliyyətə başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.
Xidmət rəisi bildirib ki, yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Xidmət rəisi həmçinin gələcəkdə göstərilən xidmətlərin sayının artırılmasının nəzərdə tutulduğunu da qeyd edib.
Açılış tədbirində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Qazaxda yeni miqrasiya bölməsinin istifadəyə verilməsi münasibətilə miqrasiya xidmətinin əməkdaşlarını, eləcə də rayon sakinlərini səmimi qəlbdən təbrik edib.
İcra başçısı qeyd edib ki, respublikamızın ən ucqar rayonu olan Qazaxda, sərhəd keçid məntəqəsində yeni miqrasiya bölməsinin yaradılması doğrudan da sevindirici və şərəfli bir işdir. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızın inkişafı göz qabağındadır. Ölkəmizdə turizmin, eyni zamanda iqtisadiyyatın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. İqtisadi maraqların təmin olunması, vətəndaşların ölkəyə rahat şəkildə daxil olması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan bu gün açılışını etdiyimiz miqrasiya xidmətinin yeni bölməsi respublikamıza gələn əcnəbi qonaqlarla yanaşı, eyni zamanda ölkə vətəndaşlarının da rahatlığına xidmət göstərəcəkdir. Vətəndaş məmnunluğuna nail olmaq üçün bu bölmənin yaradılması olduqca əlamətdar hadisədir. 
Rayon rəhbəri Qazaxda sərhəddə yeni miqrasiya bölməsinin yaradılmasına, ən əsası da vətəndaşlara göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevaya bütün Qazax ictimaiyyəti, ziyalıları və öz adından dərin minnətdarlığını bildirib. Dövlət Miqrasiya Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək ilk növbədə Dövlət Miqrasiya Xidmətinin yeni bölməsinin açılışı münasibətilə xidmətin əməkdaşlarını təbrik edib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edib ki, son illər Respublika Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr üzərinə miqrasiya sahəsində çox ciddi işlər görülür. Dövlətimizin təhlükəsizliyinin qorunması sahəsinə miqrasiya xidməti çox böyük töhfələr verir. Ölkəmizdə bir tərəfdən təhlükəsizliyin təmin edilməsi, digər tərəfdən insanların məmnunluğunun artması miqrasiya əməkdaşlarının göstərdiyi yüksək xidmətlərin nəticəsidir. Bu gün bu ərazidə yeni miqrasiya bölməsinin açılışı vətəndaşların rahatlığının təmin olunmasına daha bir töhfə olacaqdır.
Çıxışlar başa çatdıqdan sonra yeni miqrasiya bölməsinin açılışını bildirən qırmızı lent kəsilib və iştirakçılar bölmədə yaradılan şəraitlə tanış olublar.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov xidmət tərəfindən görülən işlər barədə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə müsahibə verib.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rayon rəhbərliyi ilə birlikdə “Sınıq Körpü” Buraxılış Məntəqəsində yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıblar.
Qonaqlara məntəqənin ərazisində görülən işlər barədə məlumat verilərək bildirilib ki, ötən il Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.
Məlumat üçün onu da qeyd edək ki, yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

 

 

 

 

 

 

 

Keçidlər