Şriftin ölçüsü :

Saytın rəngi :

6 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür

03 dekabr 2018 | 16:00

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı sahələrdən biridir. Ulu öndər Heydər Əliyevin uşaqlar haqqında söylədiyi “Uşaqlar bizim gələcəyimizdir” kimi dəyərli fikirlərə əsaslanaraq bu gün ölkəmizdə körpə fidanların sağlamlığı, təhsili, ən əsası da xoşbəxt gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək uşaqların, xüsusilə də gənc nəslin formalaşması üçün bu gün də məqsədyönlü işlər görülür. Ulu öndərin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə davam edirən Prezident İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bunu uşaqların sağlam böyümələri, hərtərəfli inkişaf etmələri üçün ölkə başçısı tərəfindən imzalanan mühüm qərar və sərəncamların, Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evlərinin, bağçaların inşa olunmasının bu gün də davam etdirilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısının Sərəncamı ilə məhz 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı.
Bu gün sevindirici haldır ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda da olduğu kimi icra olunur. Belə ki, rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin siyahısında bağçaların tikintisinə və yaxud da əsaslı şəkildə yenidən qurulmasına da rast gəlinir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim diqqət mərkəzində saxladığı sahələrdən biri də gələcəyimiz olan körpələrimizdir. Rayon rəhbərinin təyin olunduğu ilk gündən uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində gördüyü məqsədyönlü işlər bunun bariz nümunəsidir.
Son iki il yarım ərzində icra başçısının yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda olan həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.
Şəhərdə yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulur. 3 aydan artıqdır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə aparılır. Həyətə tamet döşənib, bağçanın kənarına hasar çəkilməsi işi başa çatıb, suvaq vurulur.
Binanın xarici fasadında isə rənglənmə işlərinə başlanılıb. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib. Hazırda otaqda üzlük vurulması işi aparılır ki, o da başa çatmaq üzrədir.
İş icraçısı qeyd edib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri tam başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbəri görülən işlərlə tanış olduqdan sonra 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti olaraq yerləşdiyi binada olub, buradakı şəraitlə də maraqlanıb.
Bu gün icra başçısı daha bir bağçada - şəhər 5 saylı körpələr evi-uşaq bağçasında körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıb. Lazımi tapşırıq və tövsiyələrini verib.
Bağça müdiri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını qeyd ediblər.

Keçidlər