Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir bağça əsaslı şəkildə yenidən qurulduqdan sonra istifadəyə verilib

19 avqust 2018 | 16:00

Son vaxtlar Qazax rayonunda məktəbəqədər təhsil müəssisələrinin tikintisinə, mövcud bağçaların əsaslı şəkildə təmirinə, körpələr üçün hərtərəfli şəraitin yaradılmasına, neqativ halların aradan qaldırılmasına, nizam-intizamın gücləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusilə rayon icra hakimiyyəti başçısının bu işlərə bilavasitə özünün nəzarət etməsi, ölkə Prezidentinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamının uğurla icra olunması Qazaxda indi tamamilə başqa bir mənzərə yaratmışdır. Məsələ təkcə yeni bağçaların inşası, təmiri ilə bitmir. Bu müəssisələr ən müasir inventar və avadanlıqlarla təchiz olunur, ixtisaslı kadrlara, ilk növbədə gənclərə xüsusi önəm verilir. Son 2 ildə şəhərdə, Daş Salahlı, Kosalar, Xanlıqlar, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində tikilmiş və ya əsaslı şəkildə tamamilə yenidən qurulmuş uşaq bağçaları göz oxşayır. Bu günlərdə şəhərin mərkəzində daha bir məktəbəqədər müəssisə, 3 saylı körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulduqdan sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, bütün qazaxlıları təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, qarşıdan müqəddəs Qurban bayramı gəlir. Açılışını etdiyimiz bu yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün əsl bayram hədiyyəsidir. İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən örpələrə hər cür diqqət və qayğı göstərilir. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən Qazaxda uğurla icra olunur. Rayon üzrə on üçüncü bağçadır ki, ən yüksək səviyyədə tamamilə yenidən qurularaq istifadəyə verilir. Bu bağça da ən müasir tələblərə cavab verən bağçalar sırasındadır. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır. Çalışacağıq ki, bu ilin sonuna kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun. Tədbirdə rayon uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, QMİ-nin Qazax, Ağstafa və Tovuz rayonları üzrə qazısı İlham Süleymanov, 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Hicran Xəlilova, Canalı kənd uşaq bağçasının müdiri Mətanət Vəliyeva, Bala Cəfərli kənd uşaq bağçasının müdiri Güllər Kosayeva, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quliyeva çıxış edərək respublikamızda uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müəllim və valideynlər, bütün şəhər sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının uşaqlarla bağlı dövlət siyasətini yüksək səviyyədə həyata keçirdiyinə görə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar. Yeni istifadəyə verilən şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Asya Alhüseynova və bağçanın tərbiyəçi müəllimi Kəmalə Sanıyeva onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlıq ediblər .
Valideynlərdən Rasim Carçıyev, Nazilə Sanıyeva, Aytən Müftizadə, Afaq Budaqlı  çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda uşaqlara göstərilən qayğıdan söz açıblar. Sonra bağçada tərbiyə alan körpə fidanların ifasında rayonda görülən işləri özündə əks etdirən səhnəcik nümayiş olunub. Uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar.
Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 95 yerlik yeni bağçada ikisi böyük, ikisi orta və biri kiçik olmaqla, 5 qrup fəaliyyət göstərəcəkdir. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, tibb otağı, istilik otağı, musiqi otağı, anbar və mətbəx inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, hər qrupun özünün ayrıca ayaqyolusu var. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub.

Hamlet Qasımov,
Xalq qəzeti”nin bölgə müxbiri
18.08.2018

 

Keçidlər