Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Molla Pənah Vaqifin poeziya günləri başlamışdır

22 avqust 2014 | 15:00

Qazax rayonunda Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günləri başlamışdır.Bununla əlaqədar Qazaxdakı Ədəbiyyat Muzeyində tədbir keçirilmişdir. Tədbirdə Türkiyənin Azərbaycandakı Səfirinin müşaviri Ahmed Arslan iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal,  “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyinin sədri Venera Əsgərova, rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı çıxış edərək Vaqif poeziya günlərinin respublikamızda 1982-ci ildən bəri qeyd edilməsi, poeziya günlərinin respublikamızda əsl şeir bayramı olması barədə danışmışlar.
Ahmed Arslan çıxış edərək Azərbaycan və Türkiyə ədəbi əlaqələrindən danışmışdır. Sonra o,  türk şair və yazıçılarının əsərləri çap olunmuş 400-ə yaxın kitabı rayon mərkəzi kitabxana sisteminə hədiyyə etmişdir.
Sonra tədbir Molla Pənah Vaqifin anadan olduğu Yuxarı Salahlı kəndində davam etdirilmişdir. Əvvəlcə, şairin kəndin mərkəzində ucaldılmış əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyulmuş və qərb bölgəsində yaşayan yazarlar şairə həsr etdikləri şeirlərini oxumuşlar. Sonra məktəblilərin ifasında Molla Pənah Vaqifin şeirləri səsləndirilmiş və aşıqlar qədim saz havaları ifa etmişlər.
Axırda tədbir iştirakçıları Səməd Vurğunun Yuxarı Salahlı kəndindəki ev muzeyi ilə də ətraflı tanış olmuşlar və xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Keçidlər