Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

23 iyun 2018 | 16:00

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Respublika Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün münasibətilə tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra Aparatının kollektivi, RİHB Aparatının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, dövlət qulluqçusu statusu olan idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb.
Qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.
İcra Başçısı bildirib ki, Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Son 10-15 ildə dövlət qulluğunda çalışanların böyük əksəriyyətinin gənclər təşkil etdiyini bildirən İcra Başçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğu ilə bağlı imzalanan fərman və sərəncamların da məhz gənc kadrların önə çəkilməsinə xidmət etdiyini bildirib.
Sonra dövlət qulluqçularından rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, RİHB Aparatında böyük məsləhətçi Gülnar Quluyeva və baş məsləhətçi Seymur Comərdov çıxış edərək ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə bütün sahələrin inkişaf etməsində dövlət qulluqçularının böyük əməyinin olduğunu qeyd ediblər.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir qrup dövlət qulluqçusuna peşə bayramları münasibətilə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar təqdim edilib.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

 

 

 

Keçidlər