Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunun 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

18 aprel 2018 | 16:00

Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.
  Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, bağça müdirləri, sahibkarlar, KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov geniş məruzə ilə çıxış etmişdir.
        Məruzə qısa ixtisarla dərc olunur.
Hörmətli yığıncaq iştirakçıları,
Bildiyiniz kimi, aprel ayının 11-də Azərbaycan Respublikasında Prezident seçkiləri keçirildi. Respublikanın hər yerində olduğu kimi Qazax rayonunun əhalisi də seçkiyə böyük ruh yüksəkliyi ilə qoşularaq kütləvi şəkildə iştirak edərək Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə göstərdikləri böyük etimadı nümayiş etdirmişlər. Eyni zamanda bu gün Azərbaycan Respublikasının Prezidenti seçilmiş Cənab İlham Əliyevin and içmə mərasimi keçirilmişdir. Bu münasibətlə həm cənab Prezidenti, həm Azərbaycan xalqını təbrik edirəm.
Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Ölkə başçısı öz çıxışında bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini qeyd edərək  2018-ci il bizim üçün uğurlu il olacağını bildirmişdir.
Cənab Prezident 2018-ci ilin birinci rübü ərzində ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirildyini və bu tədbirlər içərsində VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmişdir. Bu Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynamışdır.
Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür.
Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Bu isə ölkəmizin xarici investorlar üçün çox cəlbedici olduğunu göstərir. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, bitkiçilik 50 faizdən çox artmışdır. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir.
Ölkə başçısı  xarici ticarət dövriyyəsinin 31 faiz, o cümlədən, ümumi ixracın 24 faiz, qeyri-neft ixracının  37 faiz artdığını və bunun uğurlu  siyasətin bariz nümunəsi olduğunu bildirmişdir. Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.
Cənab Prezident  Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qaldığını, bu il bu layihənin 3 önəmli hissəsinin  - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2” başa çatacağını vurğulamışdır. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə turistlərin sayı  12,5 faiz artmışdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir.
Hörmətli toplantı iştirakçıları,
2018-ci ilin birinci rübü rayonumuz üçün uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000  manat məbləğində müəyyənləşdirilmişdir.
2018-ci ilin birinci rübündə yerli daxilolmalar 1824849 manat proqnoza qarşı 2045427 manat və  ya  112,09 faiz yerinə yetirilərək büdcəyə  220578  manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 279499 manat və ya 15,83 faiz çox vəsait daxil olmuşdur.
2018-ci ilin birinci rübündə qarşılıqlı hesablaşmalar əsasında 222861 manat vəsait daxil olmuş və 204731 manat vəsait öz təyinatı üzrə xərc edilmişdir.
Yekun olaraq 2018-ci ilin birinci rübündə yerli gəlirlər cəmi 2047710 manat proqnoza qarşı 2268288 manat, yəni 110,77 faiz yerinə yetirilmişdir.
2018-ci ilin 3 ayında yerli xərclər  2025236 manat proqnoza qarşı 1919979 manat,  yəni 94,8 faiz icra olunmuşdur.
Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci ilin 3 ayı ərzində əhaliyə 5111570 manat kredit verilmiş, əhalidən 1379650 manat və 1106334 ABŞ dolları əmanət cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 layihə üzrə  1576000 manat (162 iş yeri) kredit verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və  müəssisələrdə çalışan işçilərin əmək haqları artırılmışdır. Bu isə 2018-ci ildə rayonumuz üzrə əmək pensiyaları və sosial müavinətlərdə 2841600 manat, əmək haqlarında isə 1489000 manat, ümumilikdə 4330600 manat artım deməkdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün  2018-ci ilin 3 ayında 9954200 manat vəsait köçürülmüşdür. Şöbədə 2018-ci ilin 3 ayında sosial sığorta  haqları  üzrə  yığım  proqnozu  99,3  faiz  yerinə   yetirilmişdir. Belə ki, 736600 manat proqnoza qarşı 726000 manat vəsait toplanmışdır. O cümlədən  bu göstərici büdcə təşkilatları üzrə 419900  manat proqnoza qarşı  467000 manat toplanmaqla 111 faiz, qeyri-büdcə təşkilatları üzrə 313700 manata qarşı 262000 manat olmaqla 83,3 faiz, o cümlədən hüquqi şəxslər 181400 manata qarşı 178000 manat olmaqla 98 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 126300 manata qarşı 84400 manat toplanmaqla 66,8 faiz  yerinə yetirilmişdir.
2018-ci ilin birinci rübündə şöbədə qeydiyyatda 13537 nəfər pensiyaçı olmuşdur. Onlardan 9344  nəfəri yaşa görə, 3374 nəfəri əlilliyə görə və 819 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.
Bundan başqa 682 ailənin 2.973 üzvünə rüb ərzində 315600 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2392 nəfər müharibə veteranına 378800 manat müavinət, 3861 nəfərə 1090100 manat sosial müavinət ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2018-ci ilin birinci rübündə Qazax Elektrik şəbəkəsi tərəfindən 35/10/6 kv-luq Daş Salahlı və Şıxlı yarım stansiyalarında, eləcədə 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 
35 kv-luq hava xəttində 0,4 km uzunluğunda cari təmir işləri aparılmış,  7 ədəd izolyator dəyişdirilmişdir. 10 kv-luq hava xəttində 17,85 km uzunluğunda cari təmir işləri, 1,7 km uzunluğunda tarımlama işləri aparılmış, 1,45 km məsafədə ağaclar budanmış, 12 ədəd əyri dayaq düzəldilmiş, 133 ədəd izolyator dəyişdirilmiş, 17 ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 0,5 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. 0,4 kv-luq hava xəttində 11,6 km uzunluğunda cari təmir işləri aparılmış, 21ədəd ağac dayaq beton dayaqla əvəz edilmiş, 2,15 km uzunluğunda tarımlama işləri aparılmış, 97 ədəd sınıq izolyatorlar dəyişdirilmiş, 3 km məsafədə ağaclar budanmış, 1,2 km uzunluğunda zədəli naqil yenisi ilə əvəz edilmişdir. Qazax şəhəri, Kosalar və Çaylı kəndlərində Sip kabelin çəkilməsi üçün 95 ədəd metal, dayaq, 12 ədəd beton dayaq quraşdırılmış və 1,4 km uzunluğunda SİP kabel çəkilmişdir.  2018-ci ildə Qazax şəhərində yerləşən hərbi şəhərcik-2, M.Rəsulzadə, Ə.Seyidov, Ə.Süleymanov və Bakı küçələrində, eləcə də Qarapapaq kəndində hazırda fəaliyyət göstərən açıq naqillərlə çəkilmiş 0,4 kv-luq xətlərin  20 km uzunluğunda SİP kabellə çəkilməsi nəzərdə tutulmuşdur.
2018-ci ilin birinci rübü ərzində Elektrik Şəbəkəsinə 27071200 kvts enerji ötürülülmüşdür. Orta hesabla 10,1 faiz itki-2734200 kvt saat çıxıldıqdan sonra 24337000 kvt saat faydalı enerji qalmışdır, bunun da dəyəri 1947600 manatdır.  Şəbəkə üzrə cəmi pul yığımı 1610300 manat olmuşdur. Ümumi yığım 82,7 faiz təşkil etmişdir. Yığm faizinin aşağı olmasının səbəbləri qeyri balansın yaranması (Ağstafa rayonundakı yarımstansiyadan çıxan elektrik enerjisi ilə Qazax yarım stansiyasına daxil olan enerji arasında olan fərq), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Qaçqınkom tərəfindən ödənişlərin aparılmamasıdır. Buna görə də, 337300 manat debitor borc yaranmışdır. Pul yığımı yerli əhali sektorunda 781500 manat olmuşdur. 2017-ci illə müqayisədə ümumi yığım 6,9 faiz və ya 227100 manat artıq, əhali sektorunda  isə 70700 manat çox icra olunmuşdur.
Bildiyiniz kimi Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi tərəfindən 3 ayda istehlakçılara 28428667 kub.m təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 1324015 manat, yığım isə 1383895 manat olmaqla 104,5 faiz yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə 2018-ci ildə əhali abonentlərindən qazın satışına görə yığım 10 faiz çox olmuşdur. Ötən dövr ərzində 70 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. 29 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz olunmuşdur. “Təmiz Qaz” MMC tərəfindən aşkar olunmuş müxtəlif diametrli qaz xətlərində 1.692 ədəd sızma aradan qaldırılmışdır.
Qazax Telekommunikasiya Qovşağı  tərəfindən 2018-ci ilin birinci rübün yekununa görə 361120 manat tarif gəliri proqnozuna qarşı 378700 manat gəlir əldə edilərək proqnoz tapşırığa 105 faiz əməl olunmuşdur. Gəlirin 196400 manatı internet xidmətindən, 149920 manatı abunə xidmətindən, 31042 manatı şəhərlərarası və beynəlxalq danışıqlardan, 1140 manatı telefon çəkilişindən, 298 manatı isə digər xidmətlərdən daxil olmuşdur.  Rüb ərzində 31 ədəd yeni telefon çəkilmiş, 4 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayder üzrə 420 ədəd artım olmuş, ümumi istifadəçi sayı 6119-a çatmışdır. Hesabat dövründə rayon üzrə cəmi telefonların sayı 14861, hər 100 təsərrüfata düşən abonentlərin sayı 67, internet istifadəçilərinin sayı isə 8923 nəfər olmuşdur.
Hesabat dövründə Qazax Poçt filialı tərəfindən rüb ərzində 605752 manat enerji pulu, 1016801 manat qaz pulu, 66018 manat su pulu, həmçinin 21685 manat vergi pulu, 20234 manat DSMF pulu, 31985 manat DİN-nin ödəniş haqları, 1315 manat dekoder pulu yığılaraq aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 110 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 354 ədəd bağlama qəbul edilmiş və 112 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin 2208 məktub göndərilmiş, 4352 ədəd məktub qəbul edilmişdir.
“Qazax-Avtovağzal” ASC  2018-ci ilin birinci rübündə plana 102 faiz əməl edərək 107000 nəfər sərnişinə xidmət göstərmişdir. ASC-də 11 nəfər əmək fəaliyyəti ilə məşğul olur. Gün ərzində şəhər ətrafı, yəni kəndlərə işləyən marşrut üzrə 80 maşın, şəhərlərarası marşrut üzrə isə 57 maşın fəaliyyət göstərməklə, cəmi 137 maşın işləyir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2018-ci ilin 3 ayı ərzində   6161 əhali abonentə xidmət göstərilmiş, içməli su və çirkab suların dəyəri 117744 manat olmuş,  100010 manat vəsait toplanmışdır. Bu isə satışın 85 faizini təşkil edir. Su Kanal idarəsi ümumilikdə 104,26 km su, 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. 2018-ci ilin 3 ayı ərzində təşkilat tərəfindən 3 ədəd su mühərriki, 4 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur. H.Əliyev prospekti 61, 63, Azadlıq küçəsi 31, 33 saylı binaların su təchizatınının yaxşılaşdırılması və dayanıqlığının artırılması üçün 1 ədəd 7,5 kvt və 1 ədəd 15 kvt-lıq elektrik mühərriki nasosla birgə quraşdırılaraq istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17.03.2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Kəmərli kəndlərində içməli su xətti çəkilərək istifadəyə verilmişdir. Əlavə olaraq Qaymaqlı kəndində də su çəkilişinə başlanılmışdır. 1 ədəd artezian quyusunun qazıntısı, 2 ədəd 50 tonluq çənin qoyulması və diametri 110 mm olan 1344 metr boru vasitəsilə su çəkilişi nəzərdə tutulmuşdur.
Vətəndaşların Rayon İcra Hakimiyyətinə müraciətləri əsasında Ağköynək kəndi ərazisində yaşayan Qazax şəhər sakinlərinə mövcüd olan subartezian quyusundan 3 ədəd siyirtmə quraşdırılaraq 36 abonentə polietilen borular vasitəsilə 580 metr uzunluğunda su xətti çəkilərək istifadəyə verilmişdir. Bundan başqa Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti  və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün sənədləşmə işləri başa çatmışdır, yaxın vaxtlarda işlərə başlanacaqdır.
2018-ci ilin 3 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 192780 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 68967 manat çoxdur. Kombinat tərəfindən göstərilən xidmətlərə görə əhalidən 6724 manat, kommersiya müəssisələrindən 5310 manat, təşkilat və idarələrindən 8598 manat olmaqla, 20632 manat vəsait yığılmışdır. 2017-ci ilin müvafiq dövründə əhalidən 3866 manat, kommersiya müəssisələrindən 4.734 manat, təşkilat və idarələrindən 8678 manat olmaqla, 17278 manat vəsait yığılmışdır, ümumi yığım keçən illə müqayisədə  19,4 faiz çox olmuşdur.  Kombinatda 83 nəfər işçi işləyir. Rüb ərzində təşkilat tərəfindən 33.911 manat əmək haqqına, 28445 DSMF-yə və 29224 manat əlavə dəyər vergisi olmaqla, cəmi 91580 manat vəsait  ödənilmişdir. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2018-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının abadlıq və təmizlik sahələrində 240  nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 yanvar tarixli 7s nömrəli sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur.  Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə növbətçilik təşkil olunmuşdur. Növbətçilik əsasında şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanması diqqət mərkəzində olur. Zibil poliqonunda həftədə bir dəfə traktorla təmizlik işləri aparılır. 
Qazax Mənzil İstismar Sahəsi tərəfindən ötən 3 ay ərzində 17  binanın dam örtüyündə cari təmir işləri aparılmış, 10 binanın kanalizasiya xətlərində yaranmış qüsurlar boruların qismən dəyişdirilməsi ilə aradan qaldırılmışdır.
Rüb ərzində sakinlərdən 2267,70 manat mənzil haqqı yığılmışdır.
Qeyd etmək istərdim ki,  Qazax şəhərində 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.  Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 15 ədəd çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılmış və işlər davam edir. Bu işlərlə əlaqədar 50 nəfər ictimai  işlə təmin olunmuşdur.
2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi  orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan  11786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1714 nəfər müəllim məşğul olur.
2018-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 374 nəfər şagird  iştirak etmişdir. Onlardan 49 nəfəri aprel ayında Şəmkir şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışlar.  Zona mərhələsində  yüksək yer  tutmuş şagirdlər Bakı şəhərində keçiriləcək respublika turunda  iştirak edəcəklər (4 nəfər şagird respublika turunda iştirak etmək üçün vəsiqə qazanmışdır). 
“Fövqəladə Hallar uşaqların gözü ilə” müsabiqəsinin Respublika mərhələsində Qazax şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramov Nurlan, Qazax şəhər 4 saylı tam orta məktəbin şagirdi  Məmmədova Nuray və Xanbağı kənd tam orta məktəbinin şagirdi Qapıçıyeva Samirə “Model Nominasiyası”nda üçüncü yerə çıxmışlar.  Onlar, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
“Ədəbiyyat Biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmiş, Kommuna kənd tam orta məktəbin 9-cu sinif şagirdi Quliyeva Günay rayon müsabiqəsinin qalibi olmuş və respublika mərhələsinə vəsiqə qazanmışdır.
2018-ci ilin 3 ayı ərzində Rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə yaradılmış İşçi qrupun üzvləri  tərəfindən rayonun şəhər 4 saylı, Ağköynək, Xanbağı, Kəmərli, Qaymaqlı, İkinci Şıxlı, Sarıvəlli kənd ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə monitorinqlər aparılmışdır. Nəticələr yekunlaşaraq Təhsil şurasında müzakirə olunacaq və  nümunəvi müəllimlərə təşəkkür, zəif nəticə göstərən müəllimlərə isə məktəb direktorları tərəfindən inzibati tənbeh tədbirləri görüləcəkdir.
Rüb ərzində ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 94,6 faiz olmuşdur.
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə Ağköynək kənd tam orta məktəbin direktoru Rəhimova Səfurə Firudun qızı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir daha təbrik edirik.
2018-ci ilin mart ayında məktəblilərinin yaz tətilində “Ölkəmizi tanıyaq” tur aksiyasında rayonun IX-XI sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki bölgəsində ekskursiyada olmuşdur.
Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan  6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.  Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur.
2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunmuşlar.
Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq 2018-ci ilin yanvar ayında şəhər 1 saylı uşaq bağçasında 3, 5 saylı körpələr evi-uşaq bağçasında 2, 6 saylı körpələr evi-uşaq bağçasında 1 əlavə qruplar açılmışdır. Bu qruplara ümumilikdə 30 nəfər yeni işçi götürülmüş və 100 nəfər uşaq cəlb edilmişdir. Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ müharibəsi əlili ailəsi, digərləri isə işə ehtiyacı olan  aztəminatlı ailələrdən seçilmişdir. 2018-ci ildə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması, 13 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması və Çaylı kəndində 60 yerlik uşaq bağçasının açılması nəzərdə tutulmuşdur. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən bağçalarda əmək intizamına daim nəzarət olunur, mütamadi olaraq reydlər keçirilir. Bağçalarda yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır. Fevral ayının 27-si İkinci Şıxlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının  müdiri Rəsulova Sədaqət Paşa qızı və tərbiyəçi Məmmədova Turan Novruz qızı işlərində yol verdikləri nöqsanlara və nizam-intizam qaydalarını pozduqlarına görə tutduqları vəzifədən azad edilmişlər. Həmin bağçada 11 il musiqi müəllimi işləmiş ali təhsilli Nərgiz Qurbanəliyeva müdir vəzifəsinə təyin olunmuşdur. 29 il bağçada xadimə işləyən,  şəhid İsrayıl Əfəndiyevin həyat yoldaşı Məhəbbət İsmayılova isə iş stajı və orta ixtisas tibbi təhsili nəzərə alınaraq körpə qrupda tərbiyəçi vəzifəsinə keçirilmişdir. Bağçada xadimə vazifəsinə isə şəhidin gəlini Gülbəniz Məmmədova təyin olunmuşdur.    
15 mart 2018-ci il tarixdə bütün bağçalarda gecə gözətçilərinin əmək intizamı yoxlanılmış və 7 gözətçi barəsində müvafiq intizam tədbirləri görülmüşdür.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən  2018-ci ilin 3 ayı ərzində  rayonda Yeni il şənliyi, 2 Fevral Gənclər günü, 8 Mart Qadınlar bayramı, Novruz bayramı, 20 Yanvar Faciəsi, 26 Fevral Xocalı Faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı kütləvi tədbirlər geniş və əhatəli keçirilmişdir.
Yanvar ayının 27-də Mədəniyyət Mərkəzinin böyük zalında Əməkdar İncəsənət Xadimi,  Prezident Təqaüdçüsü Aşıq Ədalət Nəsibovun  doğum günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilmişdir.
Tarix-Diyarşunaslıq muzeyinə və Rəsm qaleriyasına məktəblilərin ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalarda 5000 nəfərdən çox şagird iştirak etmişdir.
Ümumilikdə rüb ərzində bütün mədəniyyət müəssisələri üzrə 465 mədəni-kütləvi tədbir keçirilmişdir.
3 ay ərzində Olimpia İdman Kompleksinin və Göyəzən İdman Sağlamlıq Mərkəzinin otellərinə 1157 nəfər turist gəlmişdir ki, onlardan 155 nəfəri xarici vətəndaşlar olmuşdur.
Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana,  2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə rayonumuzda Respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi surətlə davam etdirilir. Artıq Xəstəxananın əsas binasının tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  29 mart 2018-ci il tarixdə  Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon (on dörd milyon altı yüz min) manatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır.
Rayon Mərkəzi Xəstəxanasında 2939 nəfər şəkərli diabet xəstəsi, 250 nəfər vərəmli xəstə, 737 nəfər onkoloji xəstə dispanser qeydiyyatdadır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 13242 nəfər olmuş, 113 cərrahiyyə əməliyyatı aparılmış, 2300 nəfər laborator müayinədən keçirilmişdir.
Fevral ayının 12-dən etibarən Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir. Aprel ayınadək 51316 nəfər əhali tibbi müayinədən keçirilmiş, 47055 nəfər sağlam hesab edilmiş, 3910 nəfər amblator müalicəyə, 245 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müainə və müalicəyə göndərilmişdir. Müayinələr may ayının 10-a kimi davam etdiriləcəkdir.
Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər.
İlin əvvəlindən səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra şəhər və kənd tibb müəssisələrində əsaslı və cari təmir işlərinə başlamaq üçün tender sənədləri hazırlanmışdır. 2017-ci ildə əsaslı təmirinə başlanılmış Ruhi xəstəxanada bu il də əsaslı təmirin başa çatdırılması  nəzərdə tutulmuşdur. Həmçinin, Yuxarı Salahlı kəndində Yaponiya səfərliyinin xətti ilə yeni həkim məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  3 ay ərzində 7725 ambulator gəliş  olmuş, mərkəzdə 24040 labaratoriya müayinələri olunmuş, 249 cərrahi əməliyyat aparılmış və hemodializ şöbəsinə 5 nəfər xəstə daxil olmuşdur. Rüb ərzində hemodializ şöbəsində 68 nəfər xəstə olmuş, xəstələr üzərində 2215 hemodializ seans aparılmışdır.
Qazax şəhər stadionunda təmir işləri aparılmışdır.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2018-ci ilin 3 ayında gənclərlə iş sahəsi üzrə 12, bədən tərbiyəsı və idman sahəsi üzrə 8 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2669 nəfər yeniyetmə, gənc və idmançılar iştirak etmişdir. Gənclərlə iş sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının 17-də Qazax rayon Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 28-ci il dönümünə həsr olunmuş konfrans, Yanvarın 18-də Qazax Dövlət Rəsm Qaleriyasında “Şəhidlər unudulmur” başlığı altında rəsm müsabiqəsi, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin “İdeoloji Mərkəz” zalında anım tədbiri keçirilmişdir.
Fevral ayının 1-də Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02 fevral “Gənclər günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmiş, gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən 30 nəfər gənc diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən Rayon Təhsil şöbəsi ilə birgə rayonun bütün orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Xocalıya ədalət” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmiş, fevral ayının 26-da Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” başlığı altında bədii kompazisiya nümayiş etdirilmiş, tədbirdə ümumilikdə 250 nəfər iştirak etmişdir.
11 aprel Azərbaycan Respublikasının Prezident seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüşlər keçirilmişdir.
05 mart “Bədən tərbiyəsi və İdman günü” münasibətilə bayram tədbiri, 28-29 mart tarixdə “Şahin” Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilmiş, Aşağı Salahlı kənd orta məktəbin komandası birinci yerə layiq görülmüşdür.
Bədən tərbiyəsi və idman  sahəsi üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
12-14 yanvar tarixlərində Bakı şəhərində Karate İdman növü üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir, 14-19 yanvar tarixlərində Bakı şəhərində Boks üzrə Azərbaycan birinciliyi, 16-17 yanvar tarixlərində Bakı şəhərində 20 Yanvar şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmiş və rayonumuzun idmançısı Əlizadə Sənan Azər oğlu (110 kq) birinci yeri tutmuşdur.
28-30 yanvar tarixlərdə Bakı şəhərində keçirilmiş 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında həndbol üzrə açıq Bakı şəhər birinciliyi keçirilmiş və rayonumuzun komandası 3-cü yeri tutmuşdur.
02 fevral tarixində Gəncə şəhərində Yeniyetmələr arasınada sərbəst güləş üzrə zona birinciliyi, 03 fevral tarixində Gəncə şəhərində Yeniyetmələr arasınada Yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilmişdir.
14-18 fevral tarixlərində Bakı şəhərində Kikboksinq üzrə kadetlər arasında ölkə birinciliyi, 20-21 fevral tarixlərində sərbəst güləş üzrə ölkə birinciliyi keçirilmiş, Əlizadə Sənan Ayaz oğlu (92 kq) birinci yerə layiq görülmüşdür. 22-23 fevral tarixlərində keçirilmiş sərbəst güləş üzrə ölkə birinciliyində Vəlizadə İntiqam Adil oğlu birinci yerə layiq görülmüşdür.
26 fevral-04  mart tarixlərində Bakı şəhərində Boks üzrə yeniyetmələr arasında ölkə birinciliyi, 03-04 mart tarixlərində Samux rayonunda Ağır atletika üzrə Respublika yarışlarının birinci seçmə mərhələsi keçirilmişdir.
16-21 mart tarixlərdə Şəmkir rayonunda keçirilmiş 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə yarışlarda rayonumuzun komandası birinci yeri tutmuşdur.
Hesabat dövründə beynəlxalq yarışlarda 8, Respublika yarışlarında 46 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
28-30 yanvar tarixlərdə Bakı şəhərində keçirilmiş 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında həndbol üzrə açıq Bakı şəhər birinciliyində 3-cü yeri tutmuş rayon komandasının 12 nəfər üzvü və məşqçi-müəllim Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunmuş, həmçinin 05 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə 9 nəfər veteran idmançı və məşqçi-müəllim Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilərək Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 
Hörmətli toplantı iştirakçıları,
2018-ci ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 6172300 manat , ümumi məhsul buraxılışının həcmi  35200000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 6500000 manat keçən ilə nisbətən  17,8 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 10250000 manat 2017-ci ilə nisbətən 0,6 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 364 manat, orta aylıq əmək haqqı 295,9 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 9 yeni  müəssisə yaradılmış, 123-ü daimi olmaqla 275 yeni iş yeri açılmışdır.
2018-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 822 nəfər vətəndaşlardan 777 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 464 nəfərə işə göndəriş verilmiş, 447 nəfər münasib işlə təmin olunmuşdur.
Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 aprel 2016-cı il tarixli Əhalinin özünüməşğulluğunun təmin edilməsi ilə bağlı sərəncamının icrası ilə əlaqədar olaraq Mərkəzə “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün müraciət etmiş işaxtaranların təsərrüfatlarına baxış keçirilməsinə başlanılmışdır.
  Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2018-ci ilin birinci rübündə də   davam  etdirilmişdir.
Qazax şəhərində küçələrə  570  p/m uzunluğunda yeni bardür düzülmüş, 7.887  kv.m əraziyə asfalt-beton, çınqıl örtüyü çəkilmişdir,  bu istiqamətdə işlər davam edir.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
“Azəravtoyol” ASC tərəfindən Qazax-Uzuntala avtomobil yolundan ayrılan,  ümumi uzunluğu 7 km olan ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi  işləri davam etdirilir. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işlərinə  başlanacaq, həmçinin, 2018-ci ildə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Şəhər daxili yollarda 21 km,  kənd  yaşayış məntəqələrində isə 35 km  uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Həmçinin, “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9.600 ton olan Elektrod zavodunun tikintisi sürətlə davam edir.
“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində “Aqropark” yaradılmış, 41 ədəd texnika alınmış, tutumu  2500 ton quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş  və tutumu 2600 ton olan soyuducu anbarın, sahəsi  300 kv.m olan iki mərtəbəli ofis binasının  tikintisi davam edir. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri  500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kub.m  olan iki ədəd su hovuzu inşa edilmişdir.  850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin,  Aqrolizinq ASC-dən Türkiyə respublikasının Karataş firmasına məxsus özü yığılan və daşınan  hər birinin uzunluğu 500 metr, qiyməti 89100 manat olan 10 ədəd suvarma şlanqları alınmışdır. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 1 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 63 kv-luq transformatorlar quraşdırılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam edir.
BDU-nin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Ə.Şıxliniski küçəsi 18a ünvanında ayrılmış 6 hektar torpaq sahəsi ayrılmışdır. Tenderdə qalib elan edilmiş “Grandproje” MMC tərəfindən hazırlanmış BDU-nun Qazax fililalının inzibati, tədris və tələbə yataqxanasının eskiz layihəsi Qazax  Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənərək Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq ekspertizadan keçirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisdənkənar Dövlət Ekspertiza Baş İdarəsinə göndərilmişdir. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
2018-ci ilin ilk 3 ayı ərzində rayon ərazisində aşkar edilmiş 2 ədəd top mərmisi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün  Agentliyin minaların məhvetmə ərazisinə daşınmışdır.
2018-ci ilin birinci rübündə “Göyəzən” qəzetinin və qəzetin adını daşıyan Goyezen.az saytının fəaliyyəti qənaətbəxş olmuşdur. Saytda rayonumuzda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən tədbirlər gündəlik operativ olaraq öz əksini tapmışdır. Bu gün saytın internet səhifəsinin 22 mindən çox izləyicisi vardır.
  2018-cı ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
2017-ci ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusunundan  Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd subartezian quyusunun qazıntısı işləri yekunlaşmışdır.  2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Çaylı və Orta Salahlı kəndlərində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla cəmi 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş və 4 subartezian quyusunun qazıntısına başlanılmışdır.
Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17.421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir.  Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kub.m olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kub.m   olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kub.m olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon kub.m  olan Acı dərə kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.
2018-ci il aprel ayının 1-nə Ağstafaçay su anbarında 53 milyon kub.m, Coğazçay su anbarında 4,6 milyon kub.m, İncəsu çay su anbarında 0,26 milyon kub.m su olmuşdur. 2017-ci il aprel ayının 1-də isə bu göstəricilər müvafiq olaraq  55 milyon kub.m, 4,8 milyon kub.m və 0,3 milyon kub.m olmuşdur. ( 15 aprelə - Ağstafaçay su anbarında 57 milyon kub.m, Coğazçay su anbarında  8 milyon kub.m və İncəsu çay su anbarında 0,38 milyon kub.m)
2018-ci il suvarma işlərinə hazırlıq məqsədilə 261,19 km uzunluğunda arxlarda təmizləmə işləri nəzərdə tutulduğuna baxmayaraq, Rayon İcra hakimiyyətinin bilavasitə rəhbərliyi ilə rübün sonuna 264,72 km (122,35 km texnika vasitəsilə, 142,37 km isə əl əməyi ilə) uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.  
2018-ci ilin məhsulu  üçün rayonda  cəmi 12349 hektar taxıl, 990 hektar kartof,  556 hektar qarğıdalı, 508,5 hektar tərəvəz,  7 hektar darı, 3527 hektar yonca, 200 hektar noxud, 69 hektar günəbaxan, 60 hektar tütün, 38 hektar bostan bitkiləri və 87 hektar sorqo əkilməsi proqnozlaşdırılmışdır. Rübün sonuna 12622,2 hektar taxıl səpilmişdir ki, bunun 270,5 hektarı 2018-ci ilin birinci rübündə  aparılmışdır. Birinci rübündə 105 hektar kartof, 221 hektar yonca, 32 hektar vələmir, 44 hektar noxud, 30,6 hektar tərəvəz, 24 hektar süpürgə səpilmiş və səpin işləri davam etdirilir. Tütün əkini ilə bağlı 1000 kv.m ştilliklər hazırlanaraq toxum səpilmişdir. 14 nəfər fiziki və 1 hüquqi şəxs tərəfindən tütün əkilməsi üçün 60 hektar sahədə şum aparılmışdır.
5000 kq barama becərilməsi nəzərdə tutulmuş və hazırlıq işləri davam etdirilir. Rayonun Yuxarı Salahlı kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi davam etdirilir.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 75 baş bala alınmış və həmin balalara görə subsidiyaların alınmasın üçün sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 61 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Rüb ərzində ət istehsalı 1390 ton, süd istehsalı  7600 ton, yumurta istehsalı 2696000 ədəd olmuşdur.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2018-ci ilin birinci rübündə fərdi və fermer təsərrüfatlarında olan  31406 baş iri buynuzlu və 1153 baş  təkdırnaqlılar qarayara, 31634  baş iri buynuzlu heyvanlar dabax, 3950 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmiş, 1363 baş iri buynuzlularda vərəmə qarşı alleroji müayinə aparılmış, heç bir müsbət reaksiya qeydə alınmamışdır. Həmçinin, 109570 baş körpə və 63171 baş yetgin  ev quşları taun xəstəliyinə qarşı  peyvənd olunmuşlar.
2018-ci ilin 3 ayı ərzində Rayon İcra Hakimiyyətinə 441 müraciət daxil olmuşdur ki, bunlardan 18-i minnətdarlıq və təşəkkür məktublarıdır. Müraciətlərdən  76-sı Prezidentin Administrasiyasına, 2-si  Milli Məclisə, 4-ü Nazirlər Kabinetinə, 9-u respublikanın digər təşkilatlarına, 350-si isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir.
Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 20,6  faizi mərkəzi orqanlardan, 79,4 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Keçən ilin müvafiq dövründə isə müraciətlərin 20,2  faizi mərkəzi orqanlardan, 79,8 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur.  Daxil olan müraciətlərin 35,2 faizi müsbət həll olunmuş, 17,9 faizi qismən həll olunmuş, 0,7 faizi əsassız sayılmış, 36,7 faizinə müvafiq izahat verilmiş, 1,3 faizi baxılmaq üçün aidiyyəti orqanlara göndərilmiş, 8,2 faizi isə icradadır.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət həll olunmuş müraciətlər 5,9 faiz artmışdır.
2017-cı ilin ilk 3 ayı ərzində Qazax RİH başçısının RİHB aparatında keçirdiyi qəbullar zamanı 504 nəfər, 2018-ci ilin ilk 3 ayı ərzində isə  412 nəfər vətəndaş müxtəlif məsələlər üzrə müraciət etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciət edənlər 92 nəfər azalmışdır. Müraciətlərdən 27-si torpaqla əlaqədar məsələlər, 23-ü mənzillə təmin olunmalarına, 16-sı evinin təmir olunmasına köməklik, 182-si  işlə, 20-si  ünvanlı sosial yardımla təmin olunmalarına köməklik, 5-i enerji, 4-ü təbii qaz, 4-ü içməli su məsələsi, 11-i görülmüş işlərin nəticəsi ilə əlaqədar minnətdarlıq və təşəkkürünü bildirmiş, 120-si isə digər məsələlərlə əlaqədar olmuşdur.
Həmçinin, İcra başçısı tərəfindən vətəndaşların qəbulu üçün təsdiq  olunmuş qrafikdən əlavə olaraq 176 nəfər vətəndaş  fərdi qaydada qəbul edilmişdir.
2018-ci  ilin 3 ayı ərzində Qazax RİH başçısı tərəfindən kəndlər və şəhərdə 10 səyyar görüş  keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 2631 nəfər, müraciət edənlərin sayı 105 nəfər olmaqla 52  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 20-i icra edilmiş, 16 məsələ üzrə işlər davam edir, 16 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Hörmətli toplantı iştirakçıları,
Bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.
Sağ olun .

Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Elekrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-kanal İdarəsinin rəisi Alı Hüseynov, “Birinci Şıxlı kəndli fermer təsərrüfatı” MMC-nin direktor müavini Səfurə Vəliyeva çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Keçidlər