Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda Azərbaycan xalqının qəhrəmanlıq tarixi olan 20 Yanvar faciəsinin 28-ci ildönümü böyük izdihamla qeyd olunub

20 yanvar 2018 | 16:00

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsindən 28 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.”
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.
Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Bu ucalığa yüksələnlərin ömür yolu gələcək nəsillər üçün örnəkdir. 20 Yanvar şəhidlərinin mübarizəsi də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, vətənpərvərlik dərsidir. Qətiyyətli lideri və güclü ordusu olan Azərbaycan xalqı əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır! Xalqımız bir daha soyqırımlarla, faciələrlə sınağa çəkilməyəcəkdir! Çünki Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirərək ölkəmizin müstəqilliyini daimi və əbədi edib.
Respublikanın hər yerində olduğu kimi, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə, təşkilatlarında, bütün ümumtəhsil müəssisələrində faciənin ildönümü geniş şəkildə qeyd olunub.
Tədbirlər planının davamı olaraq bu gün şəhərin mərkəzində ucaldılmış Şəhidlər Xiyabanı memorial abidə kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.
Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, şəhər sakinləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anım mərasimində iştirak edib.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra RİHB Aparatının məsul işçiləri memorial önünə gül dəstələri qoyub, Vətən oğul və qızlarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Şəhidlər Xiyabanında memorial önünə gələrək şəhidlərin ölməz ruhunu yad edib, abidə önünə tər qərənfillər qoyublar.
Xiyabanda həzin musiqi səsləndirilib.
Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Sonra Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin eyni adlı pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri” əsəri nümayiş olunub. Aktyorlardan Aydın Orucov, İlqar Hacalıyev və Nazilə Məmmədovanın rol aldığı tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər