Şriftin ölçüsü :

Saytın rəngi :

“İnvestel GROUP” MMC-də tikinti işləri sürətlə davam etdirilir

12 yanvar 2018 | 16:00

Respublika Prezidenti İlham Əliyevin sahibkarlara və sahibkarlığın inkişafına verdiyi dəstək, göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda bu sahə sürətlə inkişaf edir.
Sahibkarlığın inkişafı üçün olduqca əlverişli olan Qazax rayonunda da bu istiqamətdə əhəmiyyətli işlər görülür. Rayonda sahibkarlığa göstərilən diqqət və qayğının artırılmasının, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, bu gün Qazaxda sahibkarlıq daha geniş vüsət alıb.
Bu gün rayonun II Şıxlı kəndində “İnvestel GROUP” MMC-nin gördüyü işlər, həyata keçirdiyi layihələr Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin ən bariz nümunəsidir. Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan cəmiyyət tərəfindən bu sahənin inkişafı üçün 12 milyon manat investisiya qoyulması nəzərdə tutulmuşdur.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “İnvestel GROUP” MMC tərəfindən II Şıxlı kəndində tikilən müəssisədə olub. Yeni yaradılan müəssisədə görülən işlərlə maraqlanıb.
MMC-də layihələrin idarə olunması departamentinin rəisi İlkin Əliyev rayon rəhbərinə məlumat verib ki, “İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir. 1-ci pilləli nasosxanada tikinti işləri bitmək üzrədir. Hazırda suvaq və dam örtüyünün vurulması işləri aparılır. Həmçinin cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilir. Su xəttinin çəkilişində diametri 520 mm olan dəmir metal borulardan istifadə olunur. Birinci pillədə 3 ədəd nasos olacaqdır. İkinci pillədə isə nasosxana vasitəsilə suvarılan ərazilərə su veriləcəkdir. İkinci və üçüncü pilləli nasosxanalarda idsə tikinti işləri başa çatdırılmışdır.
Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilmişdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. Bununla yanaşı, sahədaxili ümumi uzunluğu 18 km olan diametri 315 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi işləri də davam etdirilir. 1100 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Cəmiyyət tərəfindən əkiləcək 1100 hektar sahənin 200 hektarını kartof, 200 hektarını qarğıdalı, 200 hektarını noxud, 300 hektarını buğda və 200 hektarını isə arpa sahəsi təşkil edəcəkdir.
“İnvestel GROUP” MMC ümumi sahəsi 1600 kvadratmetrlik olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır.
Layihə rəhbəri Kamil Əlimirzəyev bildirib ki, sahəsi 2200 kvadratmetr olan soyuducu kartof saxlanc anbarı tikilir ki, artıq bünövrə hissəsində görülən işlər tam başa çatıb.
Bundan başqa, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati bina tikilir ki, burada da bünövrə işləri yekunlaşıb. Yaxın günlərdə hər iki tikilidə hörgü işlərinə başlanılacaqdır.
Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır. Ümumiyyətlə, 3300 kvadratmetr sahədə tikinti işləri aparılacaq ki, buraya texnikaların saxlanılması, təmir edilməsi, yeməkxanaların inşası və s. tikililər daxildir.
Görülən işlərlə tanış olan rayon rəhbərliyi öz tapşırıq və tövsiyələrini verib. Lazım gələn bütün köməkliklərin göstəriləcəyini bildirib.

Keçidlər