Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci il Qazax rayonu üçün uğurlu olub

11 yanvar 2018 | 16:00

Bu fikir bu gün Qazax rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında səslənib.
Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. M.Alıyev bildirib ki, yola saldığımız 2017-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədi. Hər il olduğu kimi, 2017-ci ildə də dünya azərbaycanlıları daha sıx birlik və həmrəylik nümayiş etdirdilər. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətliliyin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verdi. Hər il olduğu kimi, 2017-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2017-ci il Azərbaycan tarixində dərin və konkret nəticələr verən iqtisadi islahatlar ili kimi də yadda qalacaq. Davos Ümumdünya İqtisadi Forumunun reytinqində ölkələrin iqtisadiyyatlarının rəqabətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerə yüksəldi.
Ötən il ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq hadisələrlə yadda qaldı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davamı olaraq, “Azəri–Çıraq–Günəşli” neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadıldı. Təkcə regionda deyil, dünyada böyük maraq doğuran Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verildi. Azərbaycanda 2 milyard ton neft hasil edildi. Azərbaycan özünün istehsal etdiyi ilk gəmini – “Xankəndi” gəmisini suya buraxdı. Dünyada ən nadir qurğu olan Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verildi.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin Sərəncamı ilə qısa müddətdə bərpa edildi və sakinlər uzun ayrılıqdan sonra yenidən doğma torpaqlarına qovuşdular. Bu hadisə Qarabağa “Böyük Qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan həmçinin dördüncü İslam Həmrəylik Oyunlarına, Formula–1 Azərbaycan Qran–Prisinə, qadın voleybolçular arasında Avropa çempionatına və digər mötəbər yarışlara ev sahibliyi etmişdir. Beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələri ilə idman ölkəsi olduğunu bir daha təsdiqlədi. 2017-ci il Azərbaycanın İslam Həmrəyliyi təşəbbüsü ilə çıxış etməsi ilə də yadda qaldı. Prezident İlham Əliyev tərəfindən elan olunmuş “İslam Həmrəyliyi ili” ölkəmizin müsəlman aləminə dəyərli töhfəsi oldu.
Respublikamızın hərbi potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldı. Bu gün bütün beynəlxalq reytinqlər Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu göstərir. Bu gün Azərbaycan bütün dünyaya xalqla ordunun, ordu ilə xalqın birliyini, həmrəyliyini nümayiş etdirir. Rayonumuzda vətənpərvərlik mövzusunda təşkil olunan “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən möhtəşəm tədbir vasitəsilə qazaxlılar bütün Azərbaycan xalqının öz ordusunun arxasında necə mətin dayandığını sübut etdi. Bütün dünya ordumuzun gücünü bir daha gördü.
Ölkəmizə qədəm qoyan 2018-ci ildə bizi bir sıra əlamətdar hadisələr gözləyir. Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, Parlamentimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaqdır. Respublika Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu istiqamətdə atılan ilk addımlardan biri oldu. Bu sərəncam Ölkə Başçısının öz tarixinə verdiyi yüksək dəyərin ən bariz nümunəsidir.
Ölkəmizdə olduğu kimi, rayonumuzda da 2017-ci il bir çox hadisələrlə yadda qalmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti Qazaxda çox uğurla həyata keçirilmişdir. 2017-ci il Qazaxın tarixinə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin sayına görə qızıl hərflərlə yazıldı. Rayonumuzun İcra Başçısı cənab Rəcəb Babaşovun gərgin əməyi nəticəsində 1 il 7 ay ərzində Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər görüldü. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda birmənalı şəkildə yerinə yetirildi. Bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın.
“Azərxalça” ASC tərəfindən inşa edilən və açılışa tam hazır olan xalça fabriki, rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası, əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçaları, yeni inşa olunan Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir. Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarının açılışı, Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli suyun çəkilməsi, Daş Salahlı kəndində isə bu prosesin davam etdirilməsi görülən işlərin əyani sübutudur. Bir sözlə, rayon rəhbərinin tapşırığına əsasən həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində 2017-ci ildə şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişdi. Bu gün Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrildi.
Alpout kənd İƏD üzrə nümayəndəsi Murğuz Alıyev hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edib ki, Alpout kənd İƏD üzrə nümayəndəliyi iki kənd - Alpout və Abbasbəyli kəndlərini əhatə edir. İki kəndin birlikdə 318 təsərrüfatı, 1098 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 ibtidai məktəb, 2 diyarşünaslıq klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 1 elektron ATS, 1 poçt şöbəsi fəaliyyət göstərir. 2017-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir ki, hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Kənd İƏD üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında daim təmizlik işləri aparılmış, zibil və məişət tullantılarının atılmasının qarşısını almaq məqsədilə tərəfimizdən tez–tez reydlər keçirilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına, zibil və digər məişət tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılaraq əhaliyə xəbərdarlıq edilmişdir. Təkrar zibil atan vətəndaşlara qarşı inzibati cəza tədbiri görüləcəyi haqda məlumat verilmişdir.
2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq kənd sakinləri ilə görüşmüş, vətəndaşları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Cənab İcra Başçımızın köməkliyi ilə 2017-ci ildə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Belə ki, asfalt yolun kənarında olan artezian quyusundan kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Alpout kəndinin mərkəzinə 700 metr uzunluğunda su xətti çəkilərək 25 tonluq çən quraşdırılmış, həmin ərazidə 1 ədəd  bulaq tikilmişdir. Quraşdırılmış su çənindən diametri 15 mm-lik olan 80 ədəd boru hazırlanaraq, evlərinə su xətti çəkmək üçün kənd sakinlərinin istifadəsinə verilmişdir.
Suvarma Sistemləri İdarəsi tərəfindən texnika vasitəsilə “Alpout arxı”nın 0,4 km hissəsində, “Alpout arxı”nın yedək qajında 0,8 km hissəsində təmizlik işləri aparılmışdır. “Alpout arxı”nın cəmi 5,5 km hissəsi yəni, Abbasbəyli ərazisində 2 km, Alpout ərazisində 3,5 km hissəsi kənd sakinləri və SSİ-nin işçiləri tərəfindən təmizlənmişdir. Alpout nasos stansiyasında mühafizə klapanı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Eyni zamanda, Abbasbəyli nasos stansiyasında da təmir işləri aparılmışdır.
Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Rayon rəhbərinin kənd sakinlərinə olan diqqət və qayğısının nəticəsidir ki, son 30 il ərzində ilk dəfə olaraq pay torpaqlarının suvarılması təşkil olundu. Alpout və Abbasbəyli kəndlərinin hər birində olan köhnə qaz tənzimləyicilər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Qızıl Aypara Cəmiyyəti tərəfindən Abbasbəyli kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Həmin cəmiyyət tərəfindən ibtidai məktəbdə oxuyan şagirdlərin hər birinə 1 ədəd məktəbli çantası hədiyyə olunmuşdur.
Təhsil Nazirliyinin xətti ilə ibtidai məktəb üçün yeni modul tipli bina tikilib istifadəyə verilmişdir.
Alpout kəndində 1 ədəd yeni subartezian quyusu qazılmış, hazırda son tamamlanma işləri gedir.
Bundan əlavə, barama istehsalının artırılması məqsədilə Alpout kəndinin ərazisində 1000 ədəd tut ağacı olmaqla, yeni 200 ədəd tut tingləri də əkilmişdir.
Kənd İnvestisiya layihəsi tərəfindən Alpout və Abbasbəyli kəndlərinin 10 kilometrdən çox kəndarası yollarına qum-çınqıl tökülərək təmir edilmişdir.
Alpout və Abbasbəyli kəndlərində hər birində uzunluğu 300 metr olan 100 mm-lik rabitə xətləri və 19 ədəd telefon dirəkləri yenisi ilə əvəz olunmuş, təmir edilməsinə ehtiyacı olan dayaqlar yenisi ilə əvəz edilmişdir. Alpout kəndində qəzalı vəziyyətdə olan 2 ədəd ağac elektrik dirəyi dəmir dayaqlarla əvəz edilmiş, kəndlərin transformatorlarında təmir işləri aparılmışdır.
Nümayəndəliyin ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə və hərbiçilərə bayram günlərində bayram sovqatları verilmişdir.
Alpout kənd tam orta məktəbində 110 şagird təhsil alır, 24 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Məktəbimiz IX–XI sinif buraxılış imtahanlarının nəticələrinə görə rayon üzrə birinci onluğun tərkibindədir. Abbasbəyli kənd ibtidai məktəbində isə 11 nəfər şagird təhsil alır, onların təhsili ilə 5 nəfər müəllim məşğul olur. Bu gün Alpout məktəbi qazanxana sistemi ilə, Abbasbəyli kənd ibtidai məktəbi isə müasir istilik sistemi ilə təchiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən dərsə davamiyyət daim nəzarətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, təhsil müəssisəsinin rəhbərləri rəhbərlik etdikləri pedoqoji kollektivlərdə ciddi nizam–intizam yaratmışdır.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Abbasbəyli kənd tibb məntəqəsi və Alpout həkim məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.
Alout və Abbasbəyli kəndlərində 2017-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur.
2017-ci ildə İƏD üzrə nümayəndəliyə 14 məktub daxil olmuş, vətəndaşlara 389 müxtəlif məzmunlu (yaşayış yeri, ailə tərkibi və s.) arayışlar verilmiş, 16 rəsmi müraciət daxil olmuş, müraciətlərin hamısı müsbət həll edilmişdir. 63 şifahi müraciətə baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilmişdir.
Hesabat dövründə 11 doğum, 9 nigah, 9 ölüm qeydə alınmışdır.
Bildiyiniz kimi, Alpout və Abbasbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulları istehsalından, onun artıq hissəsinin satışı ilə məşğul olmaqdan ibarətdir. Öz çörəyini torpaqdan çıxaran əhalimizin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2017-ci ildə kənd əhalisi 354 hektarda, (yəni, 159 ha buğda, 195 ha arpa) payızlıq taxıl, 43 ha yonca, 5 ha qarğıdalı, 4 ha tərəvəz, 18 ha kartof, 7.80 ha çuğundur, 2,30 ha tütün və s. əkmişdir. Kənd təsərrüfatı bitkiləri əkən 221 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 19777 manat subsidiya ödənilmişdir.
Alpout və Abbasbəyli kəndlərində ümumilikdə 2018-ci ilin məhsulu üçün 390 ha yer şumlanmışdır ki, cəmi 378, bundan 162 ha buğda, 216 ha isə arpa səpilmişdir. Keçən ilə nisbətən 24 ha artıq səpin, yəni 6,78% təşkil edir. Nümayəndəlik ərazisində 2018-ci il üçün 4 ha şəkər çuğunduru, barama yetişdirilməsi və 2 ha tütün əkilməsi nəzərdə tutulmuşdur. 01.01.2017-ci il tarixə əhali və fermer təsərrüfatlarında 731 baş iribuynuzlu mal–qara, 2502 baş xırdabuynuzlu qoyun–keçi, 4205 baş quş qeydiyyata alınmışdır.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Alpout kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Alpout–Abbasbəyli bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Başa vurduğumuz 2017-ci ili bütün sahələrdə nailiyyətlərlə yola saldıq. Əlbəttə, bu uğurların əldə edilməsində Qazax rayon İcra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun yorulmaz fəaliyyəti mühüm rol oynamışdır. Rayon rəhbərliyini əmin edirəm ki, əhalinin maddi rifah halının yaxşılaşdırılması naminə qarşımıza qoyulan bütün vəzifələrin həllinə nail olmaq üçün bütün qüvvələrimizi səfərbər etməklə əlimizdən gələni əsirgəməyəcəyik.
Sonra kənd sakinlərindən Əhəd Vəliyev, Kamal Nəbiyev, Faiq Mərdanov, Kamran Nəbiyev, Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev, məktəbin müəllimlərindən Sakibə Nəbiyeva, Yaşar Alıyev və başqaları çıxış edərək rayonumuzda, eləcə də bütün kəndlərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova bütün Alpout kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçiriləcək işlərdə uğurlar arzu ediblər.

 

Keçidlər